REGİONLAR
Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam etdirilir VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Hacıqabul rayonu Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər davam etdirilir.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəllər torpaq örtüklü olan yolda payız-qış aylarında avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaşanırdı. Yolun yenidən tikilməsi ilə mövcud problemlər həllini tapmış olacaq.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən yenidən qurulan yolun tikintisi “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa olaraq nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Bunun üçün əraziyə lazimi sayda texnika və canlı qüvvə cəlb olunub.
Uzunluğu 51,5 kilometr olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun yolun çiyinlərinin eni hər bir istiqamət üzrə 2 metr və 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək.
Layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı və yol əsası inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür. Yol geyiminin əsasının tikintisi işləri isə qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır. Buna paralel olaraq hazır olan hissələrə isə 2 qat olmaqla asfalt-beton örtük döşənir. Ümumilikdə isə 300 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılacaq.
Yolun Qarasu-Abdulabad-Kolanı kəndlərini birləşdirən 12 kilometrlik hissəsində hazırda torpaq işləri görülür, yeni yol yatağı inşa olunur, Kolanlı-Talış kəndlərini birləşdirən 12-18 kilometrlik hissəsində isə asfaltlanma işləri görülür. Eyni zamanda suların ötürülməsi üçün 15 yerdə ümumi uzunluğu 300 metr və 1 metr diametrində olan dəmir-beton borular da quraşdırılır.
Yolun tikintisi yekunlaşandan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə təhlükəsizlik dirəkləri, yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, xətlənmə işləri aparılacaq.