REGİONLAR
Hacıqabulda 5 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tövsiyə və tapşırıqlarına əsasən, bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası avtomobil yolları layihələri çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Hacıqabul rayonu, Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi işlərinə başlanılıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı inşa olunur.
Uzunluğu 51,5 kilometr uzunluğunda olan yol 4-cü texniki dərəcəyə uyğun tikilir. Tikinti işləri çərçivəsində yolun çiyinlərinin hər bir istiqamət üzrə eni 2 metr, 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək. Yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə isə 300 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılacaq.
Yenidən qurulan avtomobil yolunda hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 290 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, 145 kilometr uzunluğunda xətlənmə işləri aparılacaq və təhlükəsizlik dirəkləri quraşdırılacaq.
Eyni zamanda, suların ötürülməsi üçün 15 yerdə ümumi uzunluğu 300 metr və 1 metr diametrində olan dəmir-beton borular da quraşdırılacaq.
Qeyd olunub ki, Hacıqabul rayonu, Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi 5 yaşayış məntəqəsində 18,7 min əhalinin gediş-gəlişini xeyli yaxşılaşdıracaq.