REGİONLAR
Hacıqabulda “Ailə Akademiyası” layihəsinin təqdimatı olub
Hacıqabul, 31 iyul, Mahir Babayev, AZƏRTAC
İyulun 31-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hacıqabul Rayon İcra Hakimiyyəti və yerli bələdiyyə orqanları ilə birlikdə rayondakı Heydər Əliyev Mərkəzində “Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti regional tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Hacıqabul, İmişli, Sabirabad, Biləsuvar, Beyləqan rayonlarının və Şirvan şəhərinin fəal yerli özünüidarəetmə orqanlarının təmsilçiləri iştirak edib.
Regional tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Əslan Səmədov ölkəmizdə dövlət-ailə siyasəti, ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib, layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva mərasimdə çıxış edərək bildirib ki, Azərbaycanın tarixən gözəl ailə ənənələri olub, həmin ənənələr bu gün də yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Ailə dəyərlərinin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu deyən Aynur Sofiyeva vurğulayıb ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərib. Milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm təməl üzərində dayanaraq cəmiyyətdə öz mövqeyini qoruyub saxlayıb. Respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət proqramlarından, qəbul edilən qanunlardan söhbət açan sədr müavini qeyd edib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərib.
“Ailə Akademiyası” layihəsi ilə bağlı təqdimatla çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Digər çıxış edənlər təhsil amilinin və ailə dəyərlərinin əhəmiyyətindən danışıblar.
Tədbir yekunlaşdıqdan sonra Hacıqabul şəhər bələdiyyəsi tərəfindən “Ailə Akademiyası” layihəsi çərçivəsində təşkil olunan təlimə baxış keçirilib.
Sonda tədbir iştirakçılarına Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.
Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.