REGİONLAR
Hacıqabulda arpa biçini başa çatıb, məhsuldarlıq 30 sentnerdən çox olub
Hacıqabul, 22 iyun, Mahir Babayev, AZƏRTAC
Hacıqabulun fərdi fermer təsərrüfatlarında arpa biçini uğurla başa çatıb.
Rayon kənd təsərrüfat idarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən ilin payızında rayonda 15 min 820 hektar sahədə taxıl əkilib. Bunun 6 min 870 hektarı arpa, 8 min 950 hektarı isə buğdadır.
Biçin kampaniyasına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə arpa biçinini başa çatdırıblar. Sahələrdən 14 min 864 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı orta hesabla 30 sentnerdən çox olub.
Bir neçə gündür ki, buğda sahələrinin məhsulu yığılır. Məhsul yığımına 34 kombayn cəlb olunub və gün ərzində 180-200 hektar sahənin məhsulu biçilir. Biçin aparılmış buğda sahələrinin məhsuldarlığı orta hesabla 33-34 sentnerə çatır.
Qeyd edək ki, ötən il rayonda 13 min 793 hektar taxıl sahəsindən 47 min 310 ton məhsul yığılıb və məhsuldarlıq 34,3 sentner olub.