REGİONLAR
Hacıqabulda keçirilən qanvermə aksiyasında 150 donor iştirak edib
Hacıqabul, 2 sentyabr, Mahir Babayev, AZƏRTAC
Hacıqabul rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədi ilə növbəti qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankı işçilərinin təşəbbüsü ilə keçirilən aksiyada rayonun icra strukturlarının nümayəndələri, tibb işçiləri, şəhər sakinləri və gənclər fəallıq nümayiş etdiriblər.
Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları rayon mərkəzi xəstəxanasının tibb personalı ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiya çərçivəsində 150 nəfər könüllü donorun hər birindən 400 qram qan götürülüb.
Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və ondan irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.