REGİONLAR


Hacıqabulda kənd təsərrüfatı və sənaye məhsullarının istehsalında artım qeydə alınıb

Hacıqabul, 3 avqust, AZƏRTAC

Bu ilin altı ayında Hacıqabulun sosial-iqtisadi və mədəni həyatında uğurlu nəticələr əldə olunub. İqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 136190 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34801,9 manat çoxdur. Ötən dövrdə kənd təsərrüfatı məhsullarının həcmi 6507,3 manat, sənayedə məhsul buraxılışının həcmi isə 6146,3 manat olub. Kənd təsərrüfatında 9,2 faiz, sənayedə isə 191,1 faiz artım qeydə alınıb. Birinci yarımildə rayonda iqtisadiyyatın bütün sahələri üzrə əsaslı kapitala yönəldilən investisiyanın ümumi həcmi 26719,4 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23151 min manat çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə rayonda cari ilin altı ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabata yığıncağında rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov məlumat verib.

Rayonda iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatında islahatların uğurla həyata keçirilməsi taxılçılığın və digər növ kənd təsərrüfatı məhsulları istehsalının artması ilə nəticələnib. Hər hektardan əldə edilən məhsuldarlıq da yüksəlib. Rayonda 44864 ton taxıl, 3765 ton tərəvəz, 2185 ton meyvə, 416 ton kartof tədarük olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə meyvə istehsalı 3,8 ton, kartof istehsalı isə 22 ton artıb.

Hesabat dövründə rayonda baramaçılığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə ötən il rayonun Abdullahabad, Meyniman, Navahı kəndlərində əkilən 2800 ədəd tut tinginə aqrotexniki qaydada qulluq göstərilib. Bu il rayonda ilk dəfə olaraq kümçülər tərəfindən 250 kiloqram barama istehsal edilib.

Heyvandarlıq və quşçuluq sahəsində də nəzərə çarpacaq artım müşahidə olunub. Ət, süd, yun, yumurta istehsalı artıb. Hesabat dövründə süd istehsalı 9844 ton, ət istehsalı 4461 ton (diri çəkidə), yumurta istehsalı isə 168113 ədəd olub. İribuynuzlu heyvanların sayı 38560 başa, qoyun-keçilərin sayı isə 136368 başa çatıb.

Bildirilib ki, rayonda geniş tikinti-quruculuq, abadlıq işləri aparılıb, parkların, küçələrin və çoxmənzilli binaların abadlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Hacıqabul şəhərinin su-kanalizasiya sistemi yenidən qurulub, şəhər içməli su ilə tam təmin olunub. Navahi qəsəbəsinin su təminatının yaxşılaşdırılması üçün 7000 metr polietilen boru ilə su xətti çəkilib, 300 yeni abonent su ilə təmin olunub. Rayonun bütün kənd və qəsəbələri qazlaşdırılıb, sayğaclar quraşdırılıb.

Hesabat ilində rayonun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi davam etdirilib. 19 min nəfər əhalinin yaşadığı və 10 yaşayış məntəqəsini birləşdirən yolun çəkilişi əhalinin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.

Yığıncaqda rayonda elektrik təchizatının, əhalinin suya olan tələbatının yaxşılaşdırılmasından, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə görülən işlərdən də bəhs olunub.

Sonda müzakirə edilən məsələlərlə bağlı qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.