CƏMİYYƏT
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər tutulub
Bakı, 21 noyabr, AZƏRTAC
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlardan daxil olan müraciətlər və əməliyyat məlumatları əsasında nazirliyin Baş Narkotiklərlə və Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarələrinin, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının noyabrın 21-də həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olan 5 sakin saxlanılıb. Onların 4-ü əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.
Həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış zamanı ümumilikdə 1,7 kiloqrama yaxın ağır növ narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq götürülüb.
Göstərilən faktlarla bağlı cinayət işi başlanılıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.