REGİONLAR
Hacıqabulda taxıl sahələrindən 43 min 981 ton məhsul götürülüb
Hacıqabul, 27 iyul, Mahir Babayev, AZƏRTAC
Bu ilin payızında Hacıqabul rayonunda 12 min 869 hektar sahədə taxıl əkilib.
AZƏRTAC xəbər verir ki, cari təsərrüfat ilində rayonda 6 min 394 hektar sahədə arpa, 6 min 475 hektarda isə buğda əkilib. Havaların əlverişli keçməsi, taxıl sahələrinə vaxtında mineral və üzvi gübrələrin verilməsi nəticəsində sahələrdə bol məhsul olub. Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilərə dövlət tərəfindən yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına subsidiya verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını ilbəil artırır.
Biçin kampaniyasına mütəşəkkilliklə başlayan hacıqabullu fermerlər qısa müddətdə taxil sahələrinin məhsulunu toplayıblar. Arpa sahəsinin hər hektarından 30,1 sentner məhsul götürülməklə, 19 min 246 ton arpa istehsal olunub. Biçin keçilmiş buğda sahələrinin hər hektarından 38,2 sentner məhsul yığılıb. Toxumçuluq təsərrüfatlarında isə bu göstərici 40-45 sentner təşkil edir.
Ümumilikdə, fermer və torpaq mülkiyyətçiləri sahələrdən 43 min 981 ton məhsul götürüblər ki, bu da ötən ildəkindən 7 min 960 ton çoxdur.