REGİONLAR
Hacıqabulda taxıl sahələrindən 47 min tondan çox məhsul götürülüb
Hacıqabul, 19 iyul, Mahir Babayev, AZƏRTAC
Bu ilin məhsulu üçün Hacıqabul rayonunda 13 min 793 hektar sahədə taxıl əkilib.
AZƏRTAC xəbər verir ki, cari təsərrüfat ilində rayonda 6 min 663 hektar sahədə arpa, 7 min 130 hektarda isə buğda əkilib. Havaların əlverişli keçməsi, taxıl sahələrinə vaxtında mineral və üzvi gübrələrin verilməsi nəticəsində bol məhsul yetişib. Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilərə dövlət tərəfindən yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına subsidiya verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını ilbəil artırır.
Biçin kompaniyasına mütəşəkkilliklə başlayan hacıqabullu fermerlər qısa müddətdə məhsulu toplayıblar. Arpa sahəsinin hər hektarından 32 sentner məhsul götürülməklə, 21 min 388 ton arpa istehsal olunub. Buğda sahələrinin hər hektarından isə 36 sentner məhsul götürülüb. Toxumçuluq təsərrüfatlarında bu göstərici daha yüksək olub.
Ümumilikdə, rayonun fermer və torpaq mülkiyyətçiləri sahələrdən 47 min 310 ton məhsul götürüblər ki, bu da ötən ildəkindən 3 min 329 ton çoxdur.