REGİONLAR
Hacıqabulda taxıl zəmilərinə 40 kombayn çıxarılıb
Hacıqabul, 13 iyun, Mahir Babayev, AZƏRTAC
Bir neçə gündür Hacıqabul rayonunun taxıl sahələrində arpa biçininə başlanılıb.
AZƏRTAC xəbər verir ki, hazırda zəmilərdə 40 kombayn işləyir. Qısa müddətdə 4 min hektara yaxın sahənin məhsulu yığılıb. Biçin aparılmış arpa sahələrində məhsuldarlıq orta hesabla 27,4 sentner olub.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən ilin payızında bu ilin məhsulu üçün rayonda 15 min 820 hektar taxıl əkilib. Bunun da 8950 hektarını buğda, 6870 hektarını arpa sahələri təşkil edir. Əkin zamanı məhsuldar taxıl sortlarından istifadə olunması və bitkiyə aqrotexniki qaydada qulluq göstərilməsi nəticəsində fermerlər biçin keçirdikləri sahələrdən yaxşı məhsul götürürlər. Rayonun Meyniman kənd sakini, fermer Əhsən Hacıyev bu il 700 hektar sahədə taxıl yetişdirib ki, bunun da 450 hektarı toxumçuluq üçün nəzərdə tutulub. Torpaq mülkiyyətçisi biçin keçirdiyi hər hektardan 35 sentner məhsul götürür. Toxumçuluq üçün nəzərdə tutulan sahədə isə məhsuldarlıq 40-42 sentnerə çatır.
Qeyd edək ki, ötən il rayonda 13 min 793 hektar taxıl sahəsindən 47 min 310 ton məhsul yığılıb və hər hektarın məhsuldarlığı 34,3 sentnerə çatıb.