REGİONLAR
Hacıqabuldakı təsərrüfatda cücələr zoogigiyenik qaydalara əməl edilməməsi səbəbindən tələf olub
Bakı, 25 aprel, AZƏRTAC
Hacıqabul rayonunda cücələrin tələf olma səbəbləri müəyyənləşib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 17-də Hacıqabul rayon sakini Xəlifəyev Rövşən Səməd oğluna məxsus həyətdə 20 günlük cücələrin tələf olması barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsinə məlumat verilib. Bununla əlaqədar idarənin baytarlıq mütəxəssisləri həmin təsərrüfatda araşdırma aparıblar. Araşdırma zamanı cücələr arasında tələfatın yalnız Rövşən Xəlifəyevə məxsus təsərrüfatda baş verdiyi müəyyən edilib, rayonun digər təsərrüfatlarında isə kütləvi ölüm halı qeydə alınmayıb. Həmçinin araşdırmalar zamanı cücələrə verilən yemin keyfiyyətsiz olması, zoogigiyenik tələblərə uyğun gəlmədiyi müəyyənləşib.
Tələf olmuş cücələr baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək ərazi dezinfeksiya edilib. Eləcə də təsərrüfat sahibinə müvafiq mütəxəssis məsləhətləri verilib.
Ölən cücələrdən və yemdən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinənin nəticəsinə əsasən, cücələrdə yoluxucu xəstəliklərin törədiciləri aşkarlanmayıb. Cücələrin ölümünə zoogigiyenik norma və qaydalara əməl edilməməsi səbəb olub.
Cücələrin yemləmə, bəsləmə və saxlanmasına dair mütəxəssis tövsiyələrinə əməl edildikdən sonra təsərrüfatda ölüm halları aradan qalxıb.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir. Həmçinin tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatlıq olarsa, vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət edilsin, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.