REGİONLAR
Hacıqabulun 7,4 min hektar əkin sahəsi Pirsaat su anbarı hesabına suvarılır
Hacıqabul, 27 avqust, Mahir Babayev, AZƏRTAC
Pirsaat su anbarı 1964-cü ildə Hacıqabul rayonunda Pirsaat çayı üzərində tikilib. Hidroqurğu 2003-2010-cu illərdə yenidən qurularaq daha da genişləndirilib.
AZƏRTAC xəbər verir ki, anbarın ümumi su tutumu 17, faydalı su həcmi isə 12 milyon kubmetrdir. Su anbarı Pirsaat çayı və digər dağ çayları ilə yanaşı, həm də yağış suları hesabına dolur. Anbarın suyu iki kanal vasitəsilə rayonun Pirsaat, Nəvahi qəsəbələrinin, Rəncbər, Qubalıbaloğlan və Atbulaq kəndlərinin əhatə etdiyi ərazilərə axıdılır və 7,4 min hektar əkin sahəsinin suvarılmasında istifadə edilir.
Rayon Suvarma Sistemləri İdarəsinin rəisi İbrahim İbrahimov AZƏRTAC-a müsahibəsində bildirib ki, su anbarı əsasən Pirsaat çayı və yağış suları vasitəsilə dolur. Yaz ayları yağmursuz və isti keçən illərdə çayların suyu quruduğundan anbarı su ilə doldurmaq mümkün olmur. Bu səbəbdən də əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranır. Əgər Kür çayından anbara su xətti çəkilib nasoslar vasitəsilə su vurulsa, bu çətinlik birdəfəlik aradan qalxar. Rayon rəhbərliyi bu məsələ ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırıb. Problemin yaxın zamanlarda müsbət həllini tapacağı bildirilir.
Hidroqurğu, həmçinin Pirsaat çayını tənzimləyir. İllik yağıntıların normadan artıq olan vaxtlarda ətraf kəndlər, o cümlədən rayon mərkəzi bu qurğu vasitəsilə sel sularından və daşqınlardan mühafizə olunur.