REGİONLAR


Hafsa Hassan: Yəməndə bu cür yay məktəblərinin təşkilinə böyük ehtiyac var

A+ A

Qəbələ, 22 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələyə Yəməndən gəlmişəm. Hazırda Misirin ali məktəblərindən birində təhsil alıram. Azərbaycana gəldiyimə görə və dünyanın 16 ölkəsindən olan gənclərlə birgə yay məktəbində iştirak etdiyim üçün çox şadam. Biz burada multikulturalizm mövzusunda təşkil olunan müxtəlif tədbirlərdə iştirak edirik. Həmçinin proqrama uyğun olaraq, yay məktəbi iştirakçılarının Qəbələ, İsmayıllı, Şəki və Oğuz rayonlarında yaşayan azsaylı xalqların nümayəndələri ilə görüşü, həmin rayonların tarixi abidələri və turizm obyektləri ilə tanışlığı nəzərdə tutulur. Ümid edirəm ki, sonda ölkəmə xoş təəssüratlarla qayıdacam.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda Qəbələdə keçirilən beynəlxalq konfransda və “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı II Beynəlxalq Multikulturalizm Yay Məktəbində iştirak edən yəmənli tələbə Hafsa Hassan deyib.

Azərbaycanda müxtəlif xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını qeyd edən Hafsa Hassan beynəlxalq yay məktəbinin təşkilatçılarına minnətdarlığını bildirib: “Yəməndə multikulturalizm mövzusunda yay məktəbləri təşkil edilmir. Ona görə də bizim sülh və tolerantlığı təbliğ etmək üçün imkanlarımız da yoxdur. Mən Azərbaycandan qayıdandan sonra burada gördüklərim və öyrəndiklərim barədə Yəməndə gənclərə geniş məlumatlar verəcəm, foto və video təqdimatlar edərək təəssüratlarımı bölüşəcəm. Yəməndə də bu cür yay məktəblərinin təşkilinə böyük ehtiyac var və bunun üçün maraqlı təkliflər verəcəm”.

Hafsa Hassan Qəbələdə bu cür mötəbər tədbirin yüksək səviyyədə təşkil olunması ilə yanaşı, insanların mehribanlığını da xüsusi vurğulayıb: “Buranın insanları çox qonaqpərvərdir, mənzərəli, görməli yerləri çoxdur. Qəbələ məni həqiqətən təəccübləndirdi. Çünki paytaxtdan uzaqda olan balaca bir şəhər müasirliyi ilə diqqətimi çəkdi. Yeni sosial obyektlər, otellər, istirahət mərkəzləri və idman məkanları bu şəhərin gələcəkdə daha sürətlə inkişaf edəcəyini göstərir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.