DÜNYA
Haker hücumunun vurduğu zərər 1 milyard dollar həcmində qiymətləndirilir
Bakı, 25 may, AZƏRTAC
“WannaCry” virusu vasitəsilə həyata keçirilən haker hücumları bir həftədən də az müddət ərzində 1 milyard dollar həcmində zərərə səbəb olub. Bu barədə informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış “KnowBe4” kompaniyası məlumat verib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, mayın 12-də başlayan kiber-hücumlar dünyanın azı 150 ölkəsində 200 mindən 300 minədək kompüteri yoluxdurub. Ekspertlərin fikrincə, hücumlar təkrar oluna bilər.
Kompaniyanın məlumatına əsasən, bütün dünya üzrə iri kompaniyaların işinin kütləvi dayanması nəzərə alınmasa, “WannaCry” virusunun vurduğu zərər 1 milyard dolları keçir. Bundan əlavə, məlumatların itməsi, istehsalatın aşağı düşməsi, məhkəmə işləri, reputasiyaya dəyən zərbə və digər bu kimi faktorlar da əlavə maliyyə itkilərinə səbəb olub.
Hakerlərin özləri isə vurduqları zərərlə müqayisədə elə də çox pul qazanmayıb. Sərt diskləri kodlaşdıran virusu zərərsizləşdirmək üçün hakerlər 300 dollar alaraq, orta hesabla 126 min 742 dollarlıq 302 ödəniş götürə biliblər.