DÜNYA
Hakerlər “Android” sistemi ilə işləyən 1.4 milyard cihazı dinləyə bilər
Bakı, 17 avqust, AZƏRTAC
“Android” mobil əməliyyat sistemi ilə işləyən qurğuların 80 faizindən çoxu kiberhücuma məruz qala bilər.
2012-ci ildə istehsal edilmiş “Linux” əməliyyat sisteminin 3.6 versiyasında aşkar edilmiş səhv hakerlərə istifadəçiləri serverdən ayırmağa və mobil proqramların işinə mane olmağa imkan verir. Həmçinin şifrələnməmiş trafiki izləmək və ya zərərli proqram təminatını istifadəçi məlumatlarına tətbiq etmək mümkündür. Bundan başqa, hakerlər danışığı dinləyə və istifadəçilərin şəxsi mesajlarını ələ keçirə bilərlər.
AZƏRTAC “lenta.ru” saytına istinadən xəbər verir ki, “Lookout” şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş boşluq, həmçinin “Android KitKat 4.4” və daha yuxarı versiyalarda qeydə alınıb. Bu o deməkdir ki, 1.4 milyard “Android” qurğu təhlükə altındadır.
“Google” şirkətinin nümayəndəsi bildirib ki, şirkətin mühəndisləri təhlükəsizlik sistemində aşkar edilmiş boşluqdan artıq xəbərdardırlar və lazımi tədbirlər görülür. “CVE- 2016-5696” adlı səhv artıq “Linux” nüvəsində aradan qaldırılıb.