CƏMİYYƏT
Hakimliyə namizədlərlə yazılı imtahan keçirilib
Bakı, 12 avqust, AZƏRTAC
Dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarına əsasən, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçilməsi prosesi həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu ilin iyununda 800-dən çox hakimliyə namizəd vahid zalda test imtahanı verib. İmtahanda müvəffəqiyyət qazanaraq növbəti mərhələyə buraxılmış 359 namizədlə avqustun 12-də yazılı imtahan keçirilib.
Şəffaflığın təmin edilməsi məqsədilə vahid auditoriyada – Bakı İdman Sarayında təşkil olunan imtahanı beynəlxalq və yerli QHT-lər, habelə hüquq müdafiə təşkilatlarından 20-dək müşahidəçi, mətbuat nümayəndələri izləyiblər. Eyni zamanda, imtahan prosesi Məhkəmə-Hüquq Şurasının internet saytı (jlc.gov.az) vasitəsilə “online” rejimində birbaşa yayımlanıb.
Hakimlərin seçilməsi qaydalarına uyğun olaraq, imtahan başlamazdan əvvəl Məhkəmə-Hüquq Şurasının imtahan binasında keçirilən iclasında hazırlanacaq imtahan suallarının sayı ilə bağlı qərar qəbul edilib. Sonra Hakimlərin Seçki Komitəsi qapalı iclas keçirərək sualları hazırlayıb. Suallar dərhal imtahan zalına gətirilib. Namizədlər bu suallardan təsadüfi yolla, lototron vasitəsilə biri cinayət, biri isə mülki sahəyə aid olmaqla ikisini seçiblər.
Dörd saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, qanunun məzmununu dolğun açmaq və onun səlis izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Tam anonim olan cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirildikdən sonra nəticələr elan ediləcək.
İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.