SİYASƏT
Hamburqda Azərbaycan və Almaniya xarici işlər nazirlərinin görüşü keçirilib
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının 23-cü iclasının yüksək səviyyədə təşkilinə görə Frank-Valter Ştaynmayerə təşəkkürünü bildirib.
Söhbət zamanı tərəflər Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə ediblər və iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi yollarına dair fikir mübadiləsi aparıblar.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi haqqında həmkarına ətraflı məlumat verib.
Nazir Elmar Məmmədyarov etimad quruculuğu tədbirləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi kimi məsələlərin müzakirəsinin münaqişənin həlli ilə bağlı aparılan substantiv danışıqlar prosesi ilə sinxronlaşdırılmasının və onun tərkib hissəsi olmasının vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin gündəlikdə olan digər məsələlər ərafında da ətraflı fikir mübadiləsi aparılıb.