QAN YADDAŞI
Hamburqda Xocalı soyqırımı ilə bağlı nümayiş keçirilib VİDEO
Hamburq, 3 mart, AZƏRTAC
Avropada təhsil alan azərbaycanlı tələbələri özündə birləşdirən Azərbaycan Tələbə Şəbəkəsi Almaniyanın ən böyük şəhərlərindən olan Hamburqda Xocalı soyqırımı qurbanlarının xatirəsinə anım nümayişi keçirib. Nümayiş şəhərin insanların çoxluq təşkil etdiyi mərkəzi küçələrindən birində pantomima teatrı şəklində təşkil olunub.
Ümumilikdə 50-yə yaxın tələbənin iştirak etdiyi nümayişə azərbaycanlılarla yanaşı, Almaniya, Argentina, Rusiya, Suriya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Özbəkistan və İspaniyadan olan tələbələr də qatılıb və ətrafdakı insanların böyük marağına səbəb olub. Tələbə şəbəkəsi üzvləri tərəfindən uzun zamandır hazırlanan bu layihə alman teatr sənətçilərinin köməyi ilə qısa zamanda Xocalıda 23 il öncə yaşanan dəhşətli qətliamı tamaşaçılara canlı yaşadıb. Nümayişin məqsədi insanlara Xocalı faciəsi ilə bağlı həqiqətləri siyasi şüarlar səsləndirməklə deyil, bir xalqın faciəsini qısa bir teatr səhnəsində canlandıraraq çatdırmaq olub. Nümayiş sülh, əmin-amanlıq içərisində yaşayan bir xalqın qəfildən bədnam qüvvələrin silahlı hücumuna məruz qalmasının dəhşətli anlarını əks etdirib. Sonda ağ göyərçinin səmaya buraxılması ilə sülhə çağırış ifadə olunub. Teatr səhnəsinin ardından iştirakçılar tərəfindən şamlar yandırılıb, Ermənistanın işğalçılıq siyasəti və Xocalı faciəsi haqqında kitabçalar tamaşaçılara paylanıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Hamburq