CƏMİYYƏT
“Hamı üçün bərabər imkanlar – Universal Dizayn və infrastrukturun monitorinqi” layihəsi başa çatıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Əlil Təşkilatları İttifaqı (ƏTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hamı üçün bərabər imkanlar - Universal Dizayn Mərkəzinin yaradılması və infrastrukturun monitorinqi” layihəsinin icrasını başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 4-də layihənin fəaliyyət planına uyğun olaraq yekun tədbir keçirilib.
Tədbirdə Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli layihə haqqında məlumat verib.
Bildirilib ki, layihənin keçirilməsində məqsəd əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək, hüquqlarının qorunmasını təşkil etməkdir.
D.Rəhimli qeyd edib ki, layihə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə baxış üçün göndərilib və yaxın zamanda cavab gözlənilir. Daha sonra çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Cahangir Qocayev ölkəmizdə əlillərə göstərilən dövlət qayğısından söz açıblar.
Sonda “Universal Dizayn” layihənin nümayişi olub.