CƏMİYYƏT


Hamilələr antenatal xidmət üzrə protokol əsasında müayinə və müalicə olunurlar

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

Qadın məsləhətxanalarında hamilələr Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş antenatal xidmət üzrə protokol əsasında müayinə və müalicə olunurlar. Bu məqsədlə qadın məsləhətxanalarında zəruri şərait yaradılıb. Hamiləliyin hər bir dövrünə ciddi şəkildə nəzarət olunur. Hər hansı genital, ekstragenital, patoloji hal baş verərsə, dərhal mütəxəssislər tərəfindən nəzarətə götürülür və lazım gəldikdə hospitalizasiya həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər ölkəmizdə antenatal xidmətin təşkilinə həsr olunmuş “dəyirmi masa”da səsləndirilib.

Tədbirdə çıxış edən Bakı Baş Səhiyyə İdarəsinin 3 nömrəli qadın məsləhətxanasının müdiri Aygün Budaqova hamiləliyin analar üçün çox həssas bir dövr olduğunu və həmin dövrdə onlara xüsusi qulluğun tələb olunduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, gənc analar hamiləlik haqqında məlumatı qadın məsləhətxanalarında fəaliyyət göstərən analar məktəbində əldə edə bilərlər. Eyni zamanda, gənc ana bu məşğələlərdə hamiləliyin fəsadlaşmaları, doğuşun gedişatı, körpəyə qulluq barədə məlumatlandırılır. Hamilə qadın sağlam övlad dünyaya gətirmək üçün ən azı 7 dəfə qadın məsləhətxanasında həkimə müraciət edərək tam həcmdə müayinələrdən keçməli, qidalanmasına diqqət yetirməlidir. Bütün bunlara riayət olunarsa, hamiləliyi fizioloji keçən qadınlarda normal doğuş baş verə bilər.

Tədbirdə bildirilib ki, müasir dövrün tələbi ana və uşaqlara xidmətin səviyyəsinin daha da artırılmasıdır. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanım Mehriban Əliyevanın uşaqlara göstərdiyi qayğı hər bir vətəndaşı, o cümlədən tibb işçilərini gələcək nəslə diqqətli və qayğıkeş olmağa çağırır. Bakıda, eləcə də regionlarda gələcək nəslin sağlamlığı naminə hamilə qadınların, dünyaya gələcək körpənin vaxtında müayinə və müalicəsi ciddi şəkildə nəzarətdə saxlanılır. Əhalinin maarifləndirilməsi, hamilələrin müayinələrə cəlb olunması məqsədilə qadın məsləhətxanalarında analar məktəbləri təşkil olunur. Analar məktəblərində hamiləliyin hər üç trimestrinə aid müxtəlif mövzularda mühazirələr oxunur. Əsasən bu mühazirələr hamilə qadınların qidalanması, şəxsi gigiyenası, ana südü ilə qidalandırmaya və doğuşa hazırlıq, zahılıq dövründə qulluq və digər mövzuları əhatə edir. Hamiləlik dövründə gedən prosesləri izləmək üçün hamilələrə müvafiq qeydiyyat kartları təqdim edilir. Hamilələr qadın məsləhətxanalarına gələrkən həkim həmin qeydiyyat kartlarında zəruri qeydlər aparır.

Diqqətə çatdırılıb ki, antenatal xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə Bakı şəhərinin mama-ginekoloqları vaxtaşırı regionlara ezam olunur. Bu isə mama-ginekoloqlar arasında fikir mübadiləsinin aparılmasına, regionlarda antenatal xidmətin hərtərəfli təşkil olunmasına böyük töhfə verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.