REGİONLAR
Hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələr Ali Məhkəmədə olublar
Naxçıvan, 19 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin (NDU) sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində olublar.
AZƏRTAC xəbər verir ki, tələbələr əvvəlcə buradakı kitabxana ilə tanış olub, sonra onlara ümumi şöbəyə daxil olan sənədlərin, cinayət, mülki, inzibati və sair işlərin və materialların qeydiyyatı, rəsmiləşdirilməsi, işlərin formalaşdırılması və göndərilməsi, vətəndaşların müraciətlərinin baxılması qaydaları haqqında ətraflı məlumat verilib.
Tələbələrlə görüş zamanı Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Süleymanov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı hüquq təhsili alan tələbələrin aidiyyəti dövlət orqanlarında təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri baxımından atılan mühüm addımdır. Sərəncamda nəzərdə tutulan vəzifələrin uğurlu icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində görüləcək işlərə dair tədbirlər planının təsdiq olunduğunu bildirən Ramiz Süleymanov diqqətə çatdırıb ki, planda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün seminar-məşğələlərin keçirilməsi, onların məhkəmə proseslərində iştirakının təmin olunması nəzərdə tutulub.
Bundan başqa, planda gələcək hüquqşünasların Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində istehsalat təcrübələri keçmələri üçün lazımi şəraitin yaradılması da öz əksini tapıb və bunun nəticəsi olaraq tələbələr ötən il Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində istehsalat təcrübələri keçiblər. Ramiz Süleymanov vurğulayıb ki, ötən dövrdə bu istiqamətdə xeyli iş görülüb və həyata keçirilən tədbirlər hazırda da davam etdirilir.
NDU-nun sosial idarəetmə və hüquq fakültəsinin hüquq fənləri kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Qəhrəman Behbudov bildirib ki, müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadrlar hesab olunur. Hüquq sahəsi dövlət quruculuğunda mühüm yer tutduğu kimi, hüquqşünasın təhsili də böyük əhəmiyyət daşıyır. O, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi ilə tanışlığı üçün yaradılan hərtərəfli şəraitə görə minnətdarlığını bildirib.
Sonda suallar cavablandırılıb.