SİYASƏT


Hamının can atdığı çətin peşə: dövlət qulluğu

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 22-də Hollandiyanın Haaqa şəhərində Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Gününə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb. Ənənəvi olaraq BMT həmin tarixi ikigünlük xüsusi forumla qeyd edir və bu tədbirlərdə dövlət qulluğunun aktual problemlərinə dair elmi məruzələr dinlənilir, təcrübə mübadiləsi aparılıb. Bundan əlavə, həmin günlərdə hər ötən ilin yekunlarına əsasən bütün dünyada dövlət qulluğunun inkişafına verdiyi töhfəyə görə üzv ölkələrin dövlət qurumlarına BMT İqtisadi və Sosial Şurası tərəfindən mükafatlar da verilir. Bu mükafat dövlət qulluğu sahəsində ən nüfuzlu mükafatdır və onun verilməsində başlıca məqsəd dünya miqyasında dövlət qulluğu sahəsində əldə edilmiş ən yaxşı təcrübələrə diqqət cəlb etmək və üzv dövlətlərdə onun yayılmasına təkan verməkdır. Fərəhli haldır ki, Azərbaycanın dövlət qulluğu 2 dəfə bu yüksək mükafata layiq görülmüşdür. Ölkəmizin dövlət qulluğu ilk mükafatını 2007-ci ildə almışdı. O zaman Azərbaycan Respublikasının Dövlət Neft Fondu dövlət qulluğunda şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması üzrə mükafatla təltif olunmuşdu. Xüsusi məmnunluq hissi doğuran budur ki, Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət qurumları arasında BMT-nin Dövlət Qulluğu Mükafatına layiq görülən ilk dövlət qurumudur. İkinci dəfə isə BMT-nin Dövlət Qulluğu Mükafatı ilə ölkəmizin digər bir dövlət orqanı - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təltif edilmişdir.

“Bu gündən başlanan gələcək: 2030-cu ilədək gündəlik üçün ictimai xidmətlər sahəsində innovasiyaların sürətləndirilməsi” mövzusuna həsr olunacaq builki konfrans davamlı inkişaf məqsədlərinə nail olmaq üçün ictimai xidmətlər göstərilməsi sahəsində yeni strategiyalar barədə geniş fikir mübadiləsi platforması olacaq və bir növ beynəlxalq innovasiyalar sərgisi funksiyasını yerinə yetirəcək. Lakin mükafatların veriləcəyi nominasiyaların 2030-cu ilədək olan müddət ərzində davamlı inkişaf sahəsində gündəliyin məqsədlərinə uyğunlaşdırılması üzərində hazırlıq işləri getdiyinə görə bu dəfə mükafatlar verilməsi gözlənilmir.

BMT-nin bu günü belə geniş miqyasda və təntənəli surətdə qeyd etməsi hər şeydən əvvəl dövlət qulluqçularının cəmiyyət qarşısında göstərdikləri xidmətin dünya birliyi üçün çox dəyərli olduğunu vurğulamaq, onların ümumi inkişafa, sülhə, demokratiyaya böyük töhfə verdiklərinə diqqəti cəlb etmək məqsədi daşıyır. BMT hesab edir ki, dövlət qulluğunda çalışanların əməyi dünya birliyi üçün, habelə üzv dövlətlərin sosial-iqtisadi inkişafı üçün olduqca əhəmiyyətlidir. Milyonlarla dövlət qulluqçusu öz gündəlik peşə vəzifələrini icra etməklə əslində problemlərlə, münaqişələrlə dolu olan dünya ölkələrində cəmiyyətin sabitliyini, tərəqqisini, insanların haqqını, rifahını təmin etmək üçün ən çətin, ən məsuliyyətli bir işin ağır yükünü öz çiyinlərində daşıyır. Bu, hələ dövlət qulluqçularının milli dəstələrinin taleyidir. Amma beynəlxalq və regional təşkilatlarda müəyyən kateqoriyadan olan bir çox şəxslər çalışırlar ki, onlar da dövlət qulluqçuları, daha doğrusu, beynəlxalq dövlət qulluqçuları hesab olunsunlar. Təkcə Birləşmiş Millətlər Təşkilatı sistemində dünyanın müxtəlif bölgələrində 150–dən çox xidmət yerində 100 min nəfərdən çox yüksək vəzifəli əməkdaş var ki, onlar çətin şəraitdə, bir çox hallarda böhranlı, münaqişəli, bəzən hətta fövqəladə vəziyyətlərdə təhlükə ilə üz-üzə dayanaraq öz vəzifə borclarını yerinə yetirirlər. İctimai rəydə isə onlara münasibət heç də həmişə adekvat olmur.

Hələ sovet dönəmində Neftçilər gününü, şaxtaçı, inşaatçı, dəmiryolçu, müəllim və s. günlərini qeyd etmiş, onların əməyinə layiq olduqları dəyəri vermiş, həmin peşələrin sahiblərinə hörmətlə yanaşmağa vərdiş etmişik. Dövlət idarəçiliyinin ən müxtəlif sahələri və səviyyələrində çalışanlara münasibətdə isə neqativ yüklə yüklənmiş “bürokrat”, “partokrat” və s. kimi “epitetlər” işlətmək adi hal olmuşdur. Doğrudur, bunu onlar qismən də olsa öz əməlləri ilə - zorakı kollektivləşmə, amansız repressiyalar, şəxsiyyətə pərəstiş, azad sözün, azad fikrin təqib edilməsi siyasətinin həyata keçirilməsində iştirak etməklə qazanmışdılar. Amma xatırlayaq ki, repressiya qurbanlarının böyük bir hissəsi məhz elə məmurlar kütləsindən olub. Çox vaxt onlar səhvlərinə, cinayətlərinə görə yox, sadəcə “xalq düşmənləri”nin, “əksinqilabi qüvvələr”in məhvinə dair mərkəzdə hazırlanıb təsdiq olunan və icra üçün yerlərə göndərilən plana əsasən güllələnir və ya sürgünə göndərilirdilər. Bu proses Azərbaycandan da yan keçməmişdir. Ədəbiyyatda olan məlumatlara görə həmin repressiyalar zamanı 20 xalq komissarı və ya komissar müavini, 52 rayon partiya komitəsi katibi, 34 rayon icraiyyə komitəsi sədri, bir çox başqa partiya, sovet işçisi güllələnmiş və ya sürgün edilmişdi.

BMT Baş Assambleyasının 2005-ci il 20 dekabr tarixində qəbul etdiyi “Dövlət idarəçiliyi və inkişaf” adlı qətnaməsi ilə iyun ayının 23-nü BMT-nin Dövlət Qulluğu Günü elan etməsi və üzv dövlətlərə həmin gün dövlət qulluğunun ümumi inkişafa verdiyi töhfəni əks etdirən xüsusi tədbirlər keçirməyi tövsiyə etməsi əslində dövlət qulluqçularının mənəvi haqqının onlara qaytarılması deməkdir.

Azərbaycan Respublikası BMT-nin tövsiyəsinə uyğun müvafiq tədbirlər görən ilk üzv dövlətlərdən oldu. Ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda dövlət qulluğunun mühüm rol oynadığını nəzərə alaraq dövlət qulluğunda yaxşı xidməti mənəvi cəhətdən stimullaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” 2006-cı il 25 may tarixli Sərəncamı imzaladı və həmin il ilk dəfə ölkəmizdə dövlət qulluqçularının peşə bayramı dövlət səviyyəsində qeyd edildi. Bayram ərəfəsində Prezident İlham Əliyev dövlət qulluqçularına bu münasibətlə təbrik də ünvanlamışdı. O zamandan etibarən ölkəmizdə hər il dövlət qulluqçularının peşə bayramı qeyd olunur. Bu il də Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin xüsusi sərəncamı ilə bu günün qeyd olunması ilə əlaqədar tədbirlər planı təsdiq edilmişdir və həmin plana uyğun olaraq əlaqədar dövlət orqanları və ali təhsil müəssisələri müvafiq tədbirlər həyata keçirirlər.

Dövlət Qulluğu Gününün belə geniş miqyasda qeyd olunmasının bir ənənəyə çevrilməsi əslində istər beynəlxalq, istərsə də milli miqyaslarda dövlət qulluğu təsisatlarının hüquqi, institusional, peşəkarlıq və mənəvi-əxlaqi potensialının üzə çıxarılması, müqayisə olunması və rəqabət qabiliyyətinin artırılmasını təmin etmək üçün də çox səmərəli bir platformadır. O, hamının öz təcrübəsinə “kənardan” baxmasına, ona daha obyektiv qiymət verə bilməsinə kömək edir.

Bu gün biz ölkəmizdə müstəqillik illərində dövlət qulluğu institutunun keçdiyi yola nəzər salarkən məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, biz bu müddət ərzində bir çox dövlətin əsrlər ərzində keçdiyi yolu cəmi 2 onilliyə keçə bilmişik. Doğrudur, burada bizim ixtiyarımızda beynəlxalq təcrübə və onun sahiblərinin həmin təcrübəni bölüşməsi amili də müəyyən rol oynayıb. Müxtəlif beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirilən layihələr buna yaxşı nümunədir. Lakin bu amil yalnız yardımçı rol oynayıb. Əldə edilən nəticələr ölkəmizdə məhz ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində genişmiqyaslı islahatlar proqramının həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Məhz onun uzaqgörən siyasəti sayəsində cəbhədə atəşkəsə, ölkə daxilində siyasi stabilliyə və bütün bunların sayəsində isə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaq, genişmiqyaslı və çoxcəhətli siyasi, hüquqi, inzibati islahatlara başlamaq mümkün oldu. 1995-ci ildə Heydər Əliyevin sədrliyi ilə hazırlanan Konstitusiya layihəsi həmin il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildi və noyabrın 27-də qüvvəyə mindi. Bununla da müasir dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi özülü qoyulmuş oldu. Ölkə Prezidentinin “Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” Fərmanı (1998) ilə isə dövlət idarəetməsi sahəsində islahatlara güclü təkan verildi və beləliklə də hərtərəfli düşünülmüş, elmi cəhətdən əsaslandırılmış, Avropa ölkələrinin dövlət idarəetmə sisteminin üstünlüklərini və milli dövlətçilik ənənələrini özündə cəmləşdirən dövlət idarəçiliyi sistemi qurulmasına başlandı.

Həyata keçirilən köklü dəyişikliklər prosesində Azərbaycanın təbii ki, müasir dövlət qulluğu institutunun formalaşması mühüm yer tuturdu. Çünki bu sistem bütövlükdə nəhəng idarəçilik maşınını hərəkətə gətirən güclü bir mühərrikdir. Bunsuz nə idarəçilik, nə də dövlət mümkün deyil. “Dövlət qulluğu haqqında” 2000-ci il 21 iyul tarixli Azərbaycan Respublikası Qanunu bu sistemin normativ-hüquqi bazasının yaradılmasının və beləliklə də respublikada dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsasını qoydu. Bunun ardınca qəbul edilmiş çoxsaylı normativ hüquqi sənədlər dövlət qulluğuna müsabiqə yolu ilə qəbul və qulluqkeçmə, qulluqda irəli çəkilmə, fəaliyyətin maddi və mənəvi stimullaşdırılması, dövlət qulluqçularının etik davranış qaydalarına əməl edilməsinə nəzarət, dövlət qulluğuna rəhbərlik mexanizminin yaradılması və s. kimi məsələlərin həllini təmin etdi.

2003-cü ildə cənab İlham Əliyev dövlət başçısı seçildikdən sonra da dövlət qulluğunun idarə olunmasının təkmilləşdirilməsi istiqamətində işlər uğurla davam etdirildi. Bu məqsədlə Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı, dövlət qulluğuna müsabiqə yolu ilə qəbul, dövlət qulluğunda irəli çəkilmə, qulluğa xitam verilməsi kimi qulluqkeçmə texnologiyaları, dövlət qulluğunda etik davranış qaydalarına əməl edilməsi, ona nəzarət mexanizmi və s. məsələlərin həlli hüquqi zəmin üzərinə qaldırıldı. Ötən illərdə Prezidentin imzaladığı çoxsaylı fərman və sərəncamlarda dövlət qulluqçularının əməyinin maddi və mənəvi cəhətlərdən stimullaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilir. Dövlət qulluqçularının əməyinin maddi və mənəvi cəhətlərdən stimullaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilir. Dövlət qulluqçularının əməyini layiqincə qiymətləndirmək məqsədilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təsis edilmişdir və hər il dövlət qulluqçularının peşə bayramı münasibətilə onlarla dövlət qulluqçusu bu medalla təltif olunur. Dövlət qulluğunda fərqlənməyə görə onlar respublikanın digər orden və medalları ilə, “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə mükafatlandırılırlar.

Dövlət qulluğuna rəhbərlik, qulluğun fəaliyyətinin koordinasiya məsələləri də daim təkmilləşdirilir. Son zamanlar bu istiqamətdə atılan yeni addımlar sırasında Birinci vitse-prezident institutunun təsis edilməsi və bu yüksək vəzifəyə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təyin olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN” xidmət sisteminin, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs təsisatının yaradılması institusional dəyişikliklərin və beləliklə də zamanın çağırışlarına cavab olaraq bu dövlət qulluğu sisteminin idarə olunması sahəsində islahatların davam etməsi və yeni keyfiyyət mərhələsinə yüksəlməsindən xəbər verir.

Dövlət qulluğunun hüquqi bazası, institusional sisteminin təmin edilməsi nə dərədə əhəmiyyətlə olsa da, onun uğurlu fəaliyyəti üçün kifayət etmir. XX əsrin fikir nəhənglərindən biri Erix Frommun belə bir müddəası geniş yayılmışdır ki, gələcəyin inkişaf resursları insanın ixtiyarında nələrin olmasından daha çox onun özünün kim olmasından, ixtiyarında olanlarla onun nələri edə biləcəyindən asılıdır. Təsadüfi deyil ki, dövlətin inzibati islahatlar proqramında idarəçiliyin kadr təminatı məsələləri də əhəmiyyətli yer tuturdu. Bu gün idarəetmə, xüsusilə də dövlət idarəçiliyi sahəsində müasir, sistemli, dərin elmi biliklərə, dinamik inkişaf edən iqtisadiyyatımızın, formalaşmaqda olan informasiya cəmiyyətinin tələblərinə uyğun kreativ düşüncəyə malik, rəqabət qabiliyyətli kadrlarla təmin olunması həyati zərurətdir və tamamilə təbii olaraq dövlət idarəçiliyi sahəsində kadr hazırlığı və əlavə təhsili üçün ölkədə çox geniş şəbəkə fəaliyyət göstərir. Bir sıra dövlət ali təhsil müəssisələri, o cümlədən xüsusi təyinatlı ali məktəblər dövlət idarəçiliyinin ən müxtəlif sahələrində çalışmaq üçün dövlət təhsil standartlarına uyğun kadr hazırlığını həyata keçirirlər. Onların çoxsaylı məzunları, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının icrası nəticəsində dünyanın qabaqcıl ali məktəblərində təhsil alıb Vətənə qayıtmış yüzlərlə gənc dövlət idarəçiliyinin ən müxtəlif sahələri və səviyyələrində uğurla çalışır. Bütün bunların nəticəsidir ki, son zamanlar dövlət qulluğunun kadr təminatı ciddi surətdə yaxşılaşmışdır.

Heç şübhəsiz, yaradılmış bütün bu strukturlar, o cümlədən ayrı-ayrı dövlət qurumlarının təşkil etdikləri təlim mərkəzləri kadrların bilik və bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynayırlar və Dövlət Qulluğu Günündə onların da bu sahədəki xidmətlərini hörmətlə yad etmək ədalətli olardı. Bununla belə, etiraf olunmalıdır ki, bu sahədə dövlət idarəçiliyi islahatlarının üzvi tərkib hissəsi kimi, ümummilli lider Heydər Əliyevin 1999-cu il 3 yanvar tarixli Fərmanı ilə dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün mütəxəssis hazırlanması və əlavə təhsili sahəsində aparıcı tədris, metodiki, elm və analitik informasiya mərkəzi kimi təsis olunan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının xüsusi rolu vardır. Zəngin varislik xəttinə, güclü professor-müəllim heyətinə, geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik, Prezident yanında yeganə ali təhsil müəssisəsi olan Akademiya uzun illərdir ki, öz nizamnamə vəzifələrini uğurla yerinə yetirir. Akademiya yarandığı vaxtdan bu günədək hər tədris ilində 75 nəfər dövlət qulluğuna yeni qəbul olunmuş şəxsi xüsusi proqramla əyani və qiyabi formalarda əlavə təhsilə cəlb edir. Son illər isə onlar eyni sayı saxlamaqla dövlət və bələdiyyə idarəetməsi istiqamətinin müxtəlif ixtisaslaşmaları üzrə magistr proqramına qəbul edilirlər. Bundan əlavə, hər tədris ilində təxminən 25-30 istiqamət üzrə 2000 nəfərə yaxın dövlət qulluqçusu, bələdiyyə işçisi müxtəlif müddətli kurslarda, təlimlərdə, seminarlarda, o cümlədən sonuncuların səyyar formalarında öz bilik və bacarıqlarını artırırlar. Buraya Heydər Əliyev Mərkəzi, ayrı-ayrı dövlət qurumları ilə birlikdə, Akademiyanın sistemində fəaliyyət göstərən Qarabağ Araşdırmalar Mərkəzinin xətti ilə hazırlanıb keçirilən təlimləri də əlavə etsək, dövlət qulluqçularının olduqca geniş bir dairəsinin əhatə olunduğunu aşkar görmək olar. Yaradılmış yeni texniki imkanlarımızdan istifadə etməklə növbəti illərdə kurs, seminar və təlimlər distant formada da həyata keçirilə biləcək və nəticədə daha çox dövlət qulluqçusu öz iş yerindən ayrılmadan təlimlərə cəlb oluna biləcək.

Dinləyicilər qarşısında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, nazirlər, dövlət komitələrinin sədrləri, qanunverici və icra hakimiyyəti orqanlarının rəhbər işçiləri, Dövlət İdarəçilik Akademiyasının və ölkənin digər ali məktəblərinin alimləri, Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri çıxış edirlər.

Dövlət qulluğunda çalışanların təhsilindən başqa, Akademiyada indiyədək onun öz profilinə uyğun istiqamətlərdə 4000 nəfərə yaxın bakalavr, 1000 nəfərdən çox magistr hazırlanmışdır. Doktorantura və dissertantura vasitəsilə yüksək ixtisaslı kadr hazırlığı yolu ilə də Akademiya dövlət idarəçiliyi sisteminə öz töhfəsini verməkdədir.

Akademiyanın inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” 2014-cü il 11 dekabr tarixli Fərmanının xüsusi rolu olmuşdur. Fərman dövlət qulluqçularının hazırlanması və əlavə təhsilinin təşkili ilə bağlı ortaya çıxan müxtəlif suallara birdəfəlik cavab verərək, bu sahədə vahid kadr hazırlığı siyasətinin həyata keçiriləcəyinə qərar verdi və müəyyən etdi ki, dövlət qulluqçuları üçün ixtisasartırma və yenidən hazırlanma növləri üzrə əlavə təhsil Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil ediləcək. Fərmanda, həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə ixtisasartırma və yenidənhazırlanma növləri üzrə əlavə təhsilin həyata keçirilməsini təmin etmək üçün lazımi tədbirlər görsün. Fərmanın imzalanmasından keçən müddət ərzində təşkil olunan təlimlərdə iştirak edən dinləyicilərin sayı əvvəlki dövrlərə nisbətən daha çox olmuşdur. Bu yaxınlarda Akademiyada həyata keçirilməsi başa çatmış BMT İnkişaf Proqramının Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dövlət qulluğu üzrə təlimlərə dəstək” layihəsi çərçivəsində Dövlət Qulluğu üzrə Təlim Mərkəzinin yaradılması, layihə çərçivəsində dövlət idarəçiliyinin, o cümlədən dövlət qulluğunun çoxsaylı problemlərinə dair mütəxəssislərin hazırladığı mühazirə mətnləri, təqdimatlar, keyslər, videoçarxlar və digər təlim materialları da bu istiqamətdə irəliyə doğru daha bir addım atmağa kömək edəcək.

Akademiyanın kollektivi Azərbaycanda və eləcə də bütün dünyada təntənə ilə qeyd edilən dövlət qulluqçularının peşə bayramı gününü həm də özünün bayramı hesab edir və hər il bu günü xüsusi elmi-praktik konfransla və digər tədbirlərlə qarşılayır və bu tədbirləri özünün inkişafı üçün də mühüm bir stimul hesab edir. Bu gözəl fürsətdən istifadə edərək kollektivimizin təbriklərini və xoş arzularını ölkəmizin bütün dövlət qulluqçularına ünvanlayıram. Bayramınız mübarək, əziz dövlət qulluqçuları!

Əlikram Abdullayev

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının I prorektoru,

Fəlsəfə elmləri doktoru, professor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.