MƏDƏNİYYƏT


“Hamlet-X” Teatr Xadimləri İttifaqının səhnəsində

Bakı, 28 may, Ceyhun Alışlı, AZƏRTAC

Mayın 28-də Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində “Rebus” teatrının təqdimatında dünya şöhrətli dramaturq Uilyam Şeksprin “Hamlet” əsəri əsasında səhnələşdirilən “Hamlet- X” tamaşası nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, quruluşçu rejissoru Ceyhun Dadaşov olan səhnə əsəri yeni üslubda təqdim edilib.

Tamaşada rolları “Rebus” teatrının aktyorları Əli Əlizadə, Elnur İsmayılov, Əli Novruz, Natəvan Abbaslı və Arzu Hüseynova ifa edib.

Eyni zamanda, rejissor-Ceyhun Dadaşov özü də tamaşada aktyor kimi rol alıb.

Səhnə əsərinin nümayişindən öncə rejissor Ceyhun Dadaşov tamaşa ilə bağlı fikirlərini bölüşüb.

“Şeksprin "Hamlet" əsəri əsasında hazırlanmış tamaşa digər "Hamlet"lərdən fərqlənir. Tamaşada demək olar ki, sözlərdən imtina olunub. Yalnız tamaşanın müəyyən hissəsində Hamletin "Ölüm və ya olum" monoloqundan dörd, beş cümləsi səslənəcək. Tamaşa əsasən plastika-hərəkət, biomexanika elementləri üzərində qurulub. Tamaşada psixoloji halın plastikasına üstünlük verilir. Tamaşada üç professional aktyor mən, Elnur İsmayılov və Əli Əlizadə iştirak edirik. Digər iştirakçılar tələbə və məktəblilərdi. Sözügedən tamaşa "Rebus" teatrının sayca üçüncü tamaşasıdır. Tamaşanın ümumi məğzini kabus, qarabasma nüansları təşkil edir. Bu da öz növbəsində "Hamlet"in yuxusu kimi yozula bilər. Fürsətdən istifadə edib bizə yaratdığı şəraitə görə Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətova təşəkkürümüzü bildiririk", - deyə C.Dadaşov söyləyib.

Sonra tamaşa təqdim edilib.

Tamaşa aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Xronometrajı 40 dəqiqə olan tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.