SİYASƏT
Hanoyda Vyetnam-Azərbaycan Dostluq Cəmiyyəti təsis edilib VİDEO
Hanoy, 12 oktyabr, AZƏRTAC
Vyetnamın paytaxtı Hanoyda Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin təsis konfransı keçirilib. Tədbirdə Vyetnam parlamentinin sədr müavini Uonq Çu Lu, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunları iştirak ediblər.
Konfransda Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyan cəmiyyət bu istiqamətdə müxtəlif layihələr həyata keçirməyi nəzərdə tutur.
Sonra təşkilatı məsələlərə baxılıb. Vyetnamın Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin vitse-prezidenti Nqiem Vu Xay Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin sədri seçilib, idarə heyətinin tərkibi formalaşıb.
Göstərilən etimadı doğrultmağa çalışacağını söyləyən Nqiem Vu Xay, Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin ölkələrimiz arasında tarixən mövcud olan dostluq münasibətlərinin inkişafına töhfə verəcəyinə inandığını bildirib və bu istiqamətdə səylərini əsirgəməyəcəklərini vurğulayıb.
Təşkilatın işinə uğurlar arzulayan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, ölkələrimiz arasında tarixi dostluq münasibətlərinin əsasının Vyetnam Prezidenti Xo Şin Minin 1959-cü ildə Azərbaycana və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərləri ilə qoyulduğunu bildirib. Səfir ötən il Prezident İlham Əliyevin Vyetnama dövlət səfərinin və cari ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyduğunu diqqətə çatdırıb.
Səfir A.İmanov Prezident İlham Əliyevin təşəbbüsü ilə cari ilin mayında Bakıda keçirilmiş Azərbaycan-Vyetnam Dostluq Forumunun xalqlarımız arasında dostluq münasibətlərinin inkişafında böyük rol oynadığını söyləyib.
Vyetnam Dostluq Təşkilatları Birliyinin Prezidenti Vu Xuan Honq Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin təsis olunmasının ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmli hadisə olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri çərçivəsində Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə görüşünü xüsusi qeyd edərək, bunun Vyetnamla dostluq münasibətlərinə yüksək diqqətin göstəricisi olduğunu vurğulayıb.
Vu Xuan Honq dostluq cəmiyyətinin fəaliyyətinə Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə yanaşı, ölkələrimiz arasında əməkdaşlığa töhfə vermək niyyətində olan digər Vyetnam vətəndaşlarının da cəlb olunmasının vacibliyini qeyd edib.
Vyetnam parlamentinin sədr müavini Uonq Çu Lu dostluq cəmiyyətinin təsis olunmasının Azərbaycanda təhsil almış üç mindən çox vyetnamlının, eləcə də ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında maraqlı olan hər bir kəsin arzusu olduğunu bildirib. O, Azərbaycanda təhsil almış vyetnamlı olaraq dostluq cəmiyyətinin təsis olunmasından qürur hissi keçirdiyini qeyd edib və təşkilatın bir üzvü kimi ölkələrimiz arasında əməkdaşlığın inkişafına dəstəyini davam etdirəcəyini söyləyib.
Tədbir iştirakçıları Vyetnam Prezidenti Xo Şin Minin Azərbaycana, ümummilli lider Heydər Əliyevin Vyetnama, habelə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama və Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfərlərini əks etdirən fotosərgi ilə tanış olublar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy