MƏDƏNİYYƏT


Haqqın var Məmməd Araz, haqqın var yaşamağa...

A+ A

Bakı, 14 oktyabr, Z.Mansurova, A.İsmayılova, AZƏRTAC

Oktyabrın 14-də Xalq Şairi Məmməd Arazın doğum günü münasibətilə Fəxri xiyabanda şairin xatirəsi anılıb. Mərasim iştirakçıları şairin məzarı üzərinə gül dəstələri düzüblər.

AZƏRTAC xəbər verir ki, anım mərasimində Məmməd Arazın zəngin şeir dünyası ilə çoxəsrlik poeziya gülüstanımıza misilsiz töhfələr bəxş etməsindən danışılıb, görkəmli şairin bir-birindən hikmətli şeirlərinin bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açılıb.

Tədbirdə çıxış edən tanınmış şair Musa Yaqub görkəmli Xalq Şairi Məmməd Arazın mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşadığını söyləyib. Bildirib ki, Məmməd Araz yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. O, əsərləri ilə ədəbiyyatımızın, poeziyamızın fəlsəfi dəyərini artırıb, əsərləri bəşəri mövzulara həsr olunub. Onun əsərlərində Vətən sevgisi, milli dəyərlər, insan mənəviyyatı ön planda verilib. Ona görə də şairin yaradıcılığı yaddaşlara həkk olunaraq, daim seviləcək, könüllərdə yaşayacaq.

BDU-nun professoru Cahangir Məmmədli şairin yaradıcılığı ilə bağlı ürək sözlərini bölüşüb. Bildirib ki, şairin yaradıcılığı, sadə dili və hikmətli deyim tərzi ilə hər zaman seçilib. Ədəbiyyat aləminə 1952-ci ildə “Yanın, işıqlarım” şeiri ilə gələn Məmməd Araz ömrünün sonunadək Vətən sevgisini, yurd, el-oba məhəbbətini, ana təbiətin gözəlliklərini, mənsub olduğu xalqın qədim tarixi keçmişini tərənnüm etməkdən doymayıb. Bildirib ki, o, sonsuz həyat eşqi, böyük şövq və həvəslə yazıb-yaradıb. Ədəbi-ictimai fikir tarixində lirik-psixoloji üslubun inkişafı və böyük uğurları bilavasitə və hamıdan çox Məmməd Arazın adı və əsərləri ilə bağlıdır. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatında yeni bir hadisədir.

Vurğulanıb ki, “Haqqın var, Məmməd Araz, haqqın var yaşamağa”, “Dünya sənin, dünya mənim, dünya heç kimin!”, “Vətən mənə oğul desə nə dərdim? Mamır olub qayasında bitərdim!”, “Xətainin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi!” kimi ölməz misralar müəllifi olan şair hansı mövzuya müraciət edibsə orada öz sözünü deməyi bacarıb.

Mərasimdə çıxış edənlər şairin bənzərsiz sənət dünyasından, xüsusilə də ona olan ümumxalq məhəbbətindən danışıblar. Şairin, “Atamın kitabı”, “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “Dünya düzəlmir”, “Daş harayı”, “Vətən deyin!”, “Əsgər andı”, “Ağlayan qayalar” kimi onlarla kitablarında mübarizlik, xarakterinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi özünü göstərir.

Böyük sənətkarın doğulduğu 14 oktyabrın hər il ölkəmizdə Poeziya bayramı kimi qeyd edilməsini təklif edən qələm dostları ölümündən ötən illər ərzində ona olan ümumxalq məhəbbətinin günbəgün daha da artdığını, onun əsərlərinin heç zaman öz aktuallığını itirməyəcəyini bildiriblər.

Bütün iştirakçılara minnətdarlığını bildirən şairin qızı İradə Tuncay vurğulayıb ki, Məmməd Araz ömrü boyu hər cür siyasi konyunkturadan uzaq olmaqla, yalnız ədəbiyyatın əzəli və əbədi qanunlarına istinad edərək, hələ sovet dövründə Azərbaycanın bu günü ilə səsləşən dəyərli əsərlər yaradıb. Bu böyük şəxsiyyət milli poeziyamızın, söz sənətinin inkişafında xüsusi xidmətlər göstərib. O, ulu Nizaminin söz sənətini yaşadıb, Füzuli, Nəsimi, Molla Pənah, Səməd Vurğunun yaratdığı anadilli poeziyamızın şəhdini, şəkərini bu günümüzə gətirib, ədəbiyyat tarixində yeni bir poeziya intibahı yaradıb.

O, hər sözü dillərdə əzbər olan Məmməd Arazın övladı olmaqdan qürur duyduğunu söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.