REGİONLAR


Haqqında əfsanələr, rəvayətlər söylənən Maral göl - [FOTOREPORTAJ]

A+ A

Gəncə, 11 avqust, Rauf Hacıyev, AZƏRTAC

Füsunkar təbiətə malik Azərbaycanda gözoxşayan mənzərəli məkanlardan biri də Maral göldür. Bu göl haqqında bir çox rəvayətlər qoşulub, gözəlliyi vəsf olunub.

Həmin rəvayətlərdən birində deyilir: Gəncə xanı hər ilin yaz-yay aylarında Kəpəzdə olarmış. Xanın orada yurd yeri var imiş və xəzinəsini də bu yurdun altında basdırıbmış.

Bir payız fəslində hər yanı ot-alaq basır, yurd itir. Xan yaylağa çıxanda öz yerini tapa bilmir. Ünnüyə düşər deyə, bir yer seçib alaçıq qurur, lakin yurdunu axtarmaqda davam edir. Nə qədər axtarsa da, xəzinəsini basdırdığı yurdu tapmır.

Xanın gənc bir çobanı varmış. O çoban da xanın qızı Maralı sevirmiş. Qız bunu bilsə də, hər ikisi də anlayırdı ki, bu, baş tutan sevda deyil.

Çoban tütək çalar, dərələrə səs salarmış. Xan bir gün çobana fikir verir və görür ki, o, “xan, qızını mənə versə, yurd yerini deyərəm”, - deyə tez-tez təkrar edir.

Xan arvadına səslənir:

- Eşidirsən? O, mənim yurdumun yerini bilir, onu dilə tutmaq lazımdır.

Arvadı cavab verir:

- O, bizim Maralı sevir. Onu ancaq ümid verməklə yola gətirmək olar.

Hiddətindən bozaran xan məcbur onunla razılaşır.

Axşam xanın ailəsi süfrə başında toplaşır. Maral çobana bir şərtlə gedə biləcəyini deyir:

- Kəpəzin sinəsində bir gözəl göl quruyur. Mən o oğlana ərə gedərəm ki, həmin gölə dağdan bir bulaq çəkdirsin.

Çoban təklifi qəbul edir. Dumanlı-sisli bir gündə xəzinədən xeyli qızıl götürür. Usta çağırır, həvəslə, ürəklə işə başlayır.

Bir səhər bulağın suyu gölə tökülür. Eşidən-bilən xan qızı Marala “əhsən” deyir. Elə o gündən çeşmənin adı “Xan qızının bulağı”, göl isə Maral göl adlanır.

Qeyd edək ki, fotoları AZƏRTAC-ın əməkdaşı Tofiq Babayev çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.