İQTİSADİYYAT
“Hava limanı”–“28 May” ekspress avtobusunun saytı istifadəyə verilib
Bakı, 8 dekabr, Elvin Camalov, AZƏRTAC
“Hava limanı”–“28 May” metro stansiyası üzrə hərəkət edən ekspress avtobusunun saytı istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
O bildirib ki, iri iqtisadi və inzibati mərkəz olan, Avropa və dünya miqyaslı bir sıra mötəbər tədbirlərə ev sahibliyi edən Bakı şəhərinin bugünkü simasına uyğun olaraq, paytaxtın nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son illər paytaxtımıza gələn turistlərin sayının da artması nəqliyyat sistemində yeniliklərin və xidmətlərin tətbiqini zəruri edib.
M.Ağayev qeyd edib ki, hava yolu ilə paytaxtımıza gələn turistlərin şəhər mərkəzinə gediş-gəlişini asanlaşdırmaq üçün “Hava limanı”-“28 May” metro stansiyası üzrə hərəkət edən express xətt avtobusu fəaliyyət göstərir. Express xətt avtobusundan əsasən ölkəmizə səyahət edən xarici ölkə vətəndaşlarının istifadə etməsini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu marşrut xətti ilə bağlı bütün məlumatları özündə əks etdirən internet resursu olan www.aeroexpress.az saytını istifadəyə verib.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi yaxın vaxtlarda paytaxtın ictimai nəqliyyat şəbəkəsi ilə bağlı müfəssəl məlumatları və elektron xidmətləri əhatə edən daha bir neçə internet saytı istifadəçilərə təqdim edəcək.