DÜNYA
Hava şarında gəzinti 75 min dollara başa gələcəkdir VİDEO
Bakı, 2 iyul (AZƏRTAC). ABŞ-ın Nyu-Meksika ştatında yeni aerostatın sınağı keçirilmişdir. Sınaq uğurlu alınmışdır.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, hava şarı 30 kilometrdən çox hündürlüyə qalxmış və 15 kilometr məsafə qət etmişdir. World Viev Enterprises şirkətinin bəyan etdiyinə görə, bu sınaq kommersiya uçuşları proqramının reallaşdırılması istiqamətində mühüm addım olmuşdur.
Sınaqdan keçirilən aerostat bu tip qurğular üçün uçuş hündürlüyü rekordunu təzələmişdir. Hava şarının yerə təhlükəsiz enməsi də təmin olunmuşdur. Uçuş aparatı əvvəlcə 37 kilometrdən 15 kilometrədək ehmalca enmişdir. Sonra paraşüt işə salınmış və enişin ikinci mərhələsi başlamışdır.
Hava şarı səmaya bu dəfə pilotsuz qalxmışdır. 2016-cı ildə isə içərisində turistlərin olduğu belə şarda gəzinti təşkil olunacağı iddia edilir. Şirkət birinci il 50 ikisaatlıq uçuş həyata keçirməyi nəzərdə tutur.
Hava şarında gəzinti o qədər də ucuz başa gəlməyəcəkdir. Biletin qiymətinin orta hesabla 75 min dollar təşkil edəcəyi bildirilir.