DÜNYA
Hava şəraitinə görə keçmiş sakinlər mübahisəli adalara səfərlərini təxirə salıblar
Tokio, 20 iyun, AZƏRTAC
Hava şəraitinin pis olması səbəbindən Rusiyanın nəzarəti altında olan, lakin Yaponiyanın da iddia etdiyi mübahisəli adaların keçmiş sakinləri əvvəlcədən planlaşdırılan səfərlərini təxirə salmalı olublar. Səfərin təyyarə ilə həyata keçirilməsi planlaşdırılmışdı.
İlk dəfə yerinə yetirilməsi nəzərdə tutulan aviareys iyunun 19-da sıx duman çarter təyyarəsinin uçuşuna mane olduqdan sonra təxirə salınıb.
Keçmiş sakinlər valideynlərinin Kunaşir və Etorof adalarındakı qəbrlərini əvvəlcə iyunun 18-də ziyarət etməyi planlaşdırmışdılar. Lakin Kunaşir adasının ətrafındakı əlverişsiz hava şəraiti səbəbindən səfər bir gün sonraya təxirə salınmışdı.
NHK telekanalının verdiyi məlumata görə, Yaponiyanın rəsmi nümayəndələri şimal torpaqlarına səfərlə bağlı tarixi dəqiqləşdirmək üçün Rusiya tərəfi ilə növbəti dəfə məsləhətləşmələr aparmaq niyyətindədirlər.
Yaponiya hökuməti Kuril adaları silsiləsinə daxil olan dörd adanı ölkənin ayrılmaz tərkib hissəsi hesab edir və bu adaların İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqı tərəfindən qeyri-qanuni işğal edildiyini bildirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio