İQTİSADİYYAT
Havaların kəskin dəyişməsi ilə əlaqədar sərnişindaşıma ilə məşğul olanlara xəbərdarlıq edilib
Bakı, 14 dekabr, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq, paytaxtın inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
O bildirib ki, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 141 saylı qərarına əsasən, daşıyıcıların vəzifə və öhdəlikləri təkrar onların diqqətinə çatdırılıb. Həmçinin, Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücülərə tövsiyə edilib ki, qarşıdakı günlərdə meteoroloji vəziyyəti nəzərə alaraq avtonəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər.
Ümumilikdə isə qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi məqsədəuyğundur.
Məlumat üçün onu da qeyd edək ki, qarlı və şaxtalı günlərdə Bakı Nəqliyyat Agentliyi yarana biləcək çətinliklərin operativ aradan qaldırılması məqsədilə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.