İQTİSADİYYAT


Havaların soyuması istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsinə təsir etməyib

Bakı, 30 yanvar, AZƏRTAC

“Azərişıq” ASC tərəfindən irimiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib ki, bunun da nəticəsində son günlərdə hava şəraitinin kəskin dəyişməsi, qar-çovğunlu keçməsi istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsinə təsir etməyib.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon mərkəzlərində, qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunub, uzun illər istismar olunan ağac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənib, yararsız vəziyyətə düşmüş və heç bir standarta uyğun olmayan alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunub.

Təkcə 2016-cı ildə regionlarda: 30,7 kilometr 110 kilovoltluq (kV) hava xətləri, 59,0 kilometr 35 kV-luq kabel və 308,7 kilometr hava xətləri, 338,7 kilometr 6-10 kV-luq kabel və 1810,7 kilometr hava xətləri, 420,5 kilometr 0,4 kV-luq kabel və 376,6 kilometr hava xətləri, 2640,7 kilometr özünüdaşıyan izolyasiyalı naqillər çəkilib, 960 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılıb, 127 589 ədəd dayaq basdırılıb.

Bundan əlavə, uzunluğu 35,3 kilometr olan 110 kV-luq, 128,3 kilometr 35 kV-luq, 416,7 kilometr 6-10 kV-luq və 901,7 kilometr 0,4 kV-luq hava xətlərində təmir işləri aparılıb.

Görülmüş tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla yanaşı, texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.

İstehlakçıların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər 2017-ci ildə də uğurla davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.