CƏMİYYƏT


Havanın orta temperaturu hər on ildə 0,3 dərəcə artır

Bakı, 6 iyul, G.Mahmudlu, AZƏRTAC

Dünyada və Azərbaycanda havanın orta temperaturu artmaqda davam edir. İqlim dəyişməsinə təbii və antropogen amillər təsir göstərir. Təbii amillərə Günəşin aktivliyi, Yerin oxunun Günəşə nisbətən 15 dərəcə dəyişməsi və vulkan püskürməsini misal göstərmək olar. Antropogen amillər isə ümumi təsirin beşdədörd hissəsini təşkil edir və bu sahədə istixana effekti qazları əsas yer tutur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov AZƏRTAC-a məxsusi müsahibəsində məlumat verib.

G.Süleymanov bildirib ki, Hökumətlərarası Ekspertlər Qrupunun sonuncu hesabatında iqlim dəyişməsinin əsas səbəbi kimi Yer kürəsində son 30-40 ildə 1,60-dan 2,29 vatt/kvadratmetrə qədər artan radiasiya fonu göstərilib. Radiasiya fonunun yüksəlməsi istixana effekti yaradır. Son 30 il ərzində orta temperatur əvvəlki illərə nisbətən hər on ildə 0,3 dərəcə artır. Bunun başlıca səbəbini meşəliklərin azalması, səhralaşmanın artması və buzlaqların əriyərək bataqlıqlara çevrilməsi ilə əlaqələndirmək olar. Meşələrdə havanın temperaturu açıq sahələrə nisbətən 2 dərəcə aşağıdır.

İstilik artımı dünyada müxtəlif cür paylanıb. Məsələn, ölkəmizdə elə ərazilər var ki, son illər havanın orta temperaturu 0,4 dərəcə artıb. Böyük Qafqazın yüksək dağlıq ərazilərində isə orta temperaturun 1,1-1,4 dərəcə yüksəlməsi müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.