CƏMİYYƏT
Hazır gül buketi
Bakı, 13 may, AZƏRTAC
Spatifillum tropik Amerika bitkisi hesab edilir. Vəhşi təbiətdə kiçik çay və çay kənarlarında bataqlıq və rütubətli yerlərdə bitir. Bitki nəmli və rütubətli yerləri sevdiyinə görə ona otaq şəraitində də oxşar şərait yaradılmalıdır.
Onun evə xoşbəxtlik və sevgi gətirdiyini, qadınlara hədiyyə ediləndə isə özlərini çox xoşbəxt hiss etdiklərini deyirlər. Həmin xüsusiyyətlərinə görə bəzən onu "toy çiçəyi" də adlandırır və hesab edirlər ki, qadın xoşbəxtliyi üçün çiçək vacib əlamətdir. Çiçəkləmə dövründə bitkinin gücü daha da artır. "Xoşbəxtlik" enerjisi bəxş edən spatifillumun hədiyyə verilməsi yaxşı əlamət sayılır.
Botaniki adına görə spatifillum çiçəkli bitkilərə aid olub hamaşçiçək hesab edilir. Hamaşçiçəklər örtülü ağ çiçəklərdən və çiçək qıçasından ibarətdir. Örtülü formada olduğuna görə çiçəkləri yarpağı xatırladır. Bitkinin adı latın dilində həmin mənanı verir: “şpata” örtülü, “fillum” isə yarpaq deməkdir.
Rütubəti sevdiyinə görə onu ilboyu suvarmaq lazımdır, su püskürdülməsi, mamır və otaqda akvarium olması onun inkişafına yaxşı təsir göstərir. Günəş işığı olmayan, son dərəcə zəif işıqlandırılan yerdə saxlanılmalıdır, yay günləri bol günəş işığı alanda onun çiçək açması üçün şərait yaranmır.
Bitkinin digər bir xüsusiyyəti də budaqsız olmasıdır. Yarpaq və çiçək saplağı birbaşa kökdən çıxır.
Dibçəkdə ağ, bir az da cüzi yaşıl rəngə çalan spatifillum çiçəkləri hazır gül buketidir.