ELM VƏ TƏHSİL
Hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 35 nəfər dünyanın nüfuzlu universitetlərində təhsil alır
Bakı, 5 sentyabr, AZƏRTAC
SOCAR-ın xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda SOCAR-ın maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil almaq üçün müraciət etmiş 5 tələbənin namizədliyi müzakirə olunub və tələbələr komissiya üzvlərinin suallarını cavablandırıb, həmin ixtisaslar üzrə oxumaq istəklərini əsaslandırıblar.
2016-2017-ci tədris ili üçün bir nəfərin Böyük Britaniyanın London Universitet Kollecində kimya mühəndisliyi ixtisası üzrə, bir nəfərin isə Lester Universitetində insan resurslarının idarəolunması ixtisası üzrə təhsil almaları Komissiya üzvləri tərəfindən məqsədəuyğun hesab olunub.
Daha sonra SOCAR-ın Xarici Təqaüd Proqramı üzrə kompyuter elmləri, gəmiqayırma, kimya mühəndisliyi, informatika və İKT, hüquq, neft geologiyası və neft qaz mühəndisliyi ixtisas qrupları üzrə təhsilini başa vurmuş 9 məzunun (6 bakalavr, 3 magistr) hesabat xarakterli təqdimatları dinlənilib. Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Onlar komissiyanın qərarı ilə SOCAR-ın müvafiq strukturlarında işlə təmin ediliblər.
Hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 35 nəfər (10 bakalavr, 25 magistr) təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir və onlardan 21 nəfərin (3 bakalavr, 18 magistr) bu ilin sonuna kimi təhsillərini başa vuraraq geri qayıtması gözlənilir. Artıq 189 nəfər təhsilini başa vuraraq geri qayıdıb, SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunublar.