İQTİSADİYYAT
Hazırda “Şahdəniz-2” layihəsi üzrə işlərin 80 faizə qədəri tamamlanıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Hazırda “Şahdəniz-2” layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti də daxil olmaqla ümumilikdə 80 faizə qədəri tamamlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir.
“Bizi ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz, 240 milyon tondan çox kondensat həcmində qiymətləndirilən “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir. Bu mərhələ çərçivəsində yataqdan ildə əlavə 16 milyard kubmetr qazın hasil olunacağı planlaşdırılır. Həmin həcmin 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Gürcüstan və Türkiyə üzərindən Yunanıstan, Bolqarıstan və İtaliyaya tədarük ediləcək. İlk qazın 2018-ci ilin sonlarında Türkiyəyə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, suyun 550 metrədək dərinliyində quraşdırılacaq 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası, iki yarımdalma qazma qurğusundan 26 sualtı quyunun qazılması və Səngəçal terminalının genişləndirilməsi işləri həyata keçirilir. Cari ilin birinci yarısında “Şahdəniz-2” layihəsi üzrə işlər uğurla davam etdirilib. Hazırda layihə üzrə işlərin - mühəndis, təchizat və tikinti də daxil olmaqla ümumilikdə 80 faizə qədəri tamamlanıb. İlk qazın nəql edilməsinə, həmçinin sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə 10 istismar quyusu qazılıb. “Şahdəniz-2” Azərbaycan neft-qaz sənayesi tarixində bütün tikinti-quraşdırma işlərinin tam həcmdə ölkə daxilində yerinə yetirildiyi ilk layihədir”, - deyə R.Abdullayev əlavə edib.