CƏMİYYƏT
Hazırda ölkəmizdə 210 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb
Bakı, 28 iyul, AZƏRTAC
Hazırda ölkəmizdə 210 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb. Dünyada isə 390 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
AZƏRTAC xəbər verir ki, bu fikri iyulun 28-də Ümumdünya Hepatit Gününə həsr olunmuş tədbirdə Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova deyib.
O bildirib ki, ölkəmizdə diabetdən əziyyət çəkən xəstələr insulin analoqları, qlükometr və test çubuqları ilə daim tam təmin olunurlar. Şəkərli diabet xəstələrinin şəkərsalıcı preparatlar, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunması işi Bakı ilə yanaşı, rayonlarda da həyata keçirilir. Bu sahədə xidmət səviyyəsinin daha da artırılması məqsədilə xəstələrin müayinə və müalicəsi, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registr yaradılıb.