MƏDƏNİYYƏT


“Həddən artıq uyğunluq” bədii filminin təqdimatı olub

Bakı, 15 dekabr, AZƏRTAC

Dekabrın 15-də Nizami Kino Mərkəzində Ülviyyə Könülün rejissorluğu ilə ekranlaşdırılan “Həddən artıq uyğunluq” bədii filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mərdan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Filmin təqdimat mərasimində çıxış edən "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov kinostudiya tərəfindən müxtəlif janrlarda və mövzularda filmlər çəkildiyini söyləyib. Son dövrlər çəkilən uğurlu filmlərdən danışan direktor bildirib ki, artıq istedadlı, yaradıcı kino heyəti yetişməkdədir. Bir il ərzində 19 filmin ekranlaşdırıldığını söyləyən Müşfiq Hətəmov kinostudiyanın 10-dan artıq filmə dəstək verdiyini deyib.

Vurğulanıb ki, kommersiya xarakteri daşıyan bu filmdə tanınmış və gənc aktyorlar rol alıb.

Ülviyyə Könül, Aleksandr Mərdan, Xalq Artisti Afaq Bəşirqızı və digər çıxış edənlər filmin çəkilişinə dəstək olanlara minnətdarlıqlarını bildiriblər.

Sonra film nümayiş olunub.

Romantik komediya janrlı filmdə rolları Afaq Bəşirqızı, Tural Əsədov, Aydan Axundova, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırıblar.

Qeyd edək ki, bu gündən etibarən filmin bütün kinoteatrlarda nümayişinə başlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.