REGİONLAR


“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?” sənədli filmi nümayiş olunub

A+ A

Naxçıvan, 5 iyul, AZƏRTAC

Naxçıvan Dövlət Film Fondunda “Azərbaycan Kinosu Günü” çərçivəsində “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?” sənədli filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov bu ekran əsərinin İkinci Dünya müharibəsində Azərbaycan neftinin qələbənin təmin edilməsində rolu haqqında maraqlı faktlar ortaya qoyduğunu bildirib. Qeyd edib ki, filmdə “mühərriklər müharibəsi” adlandırılan İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni mövqedən – neft uğrunda döyüş mövqeyindən baxılır. Müharibə zamanı Sovet İttifaqının neftə olan tələbatının 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdü. Qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Bakı və onun “qara qızılı” Hitlerin ələ keçirmək istədiyi ən qiymətli sərvət idi.

M.Seyidov deyib ki, filmin cəlbedici cəhətlərindən biri indiyədək nümayiş etdirilməyən kinokadrların bərpa olunaraq rəngli formatda təqdim edilməsidir. Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən film keçən il dünyanın tanınmış “National Geographic” kanalında da göstərilib. Filmin layihə rəhbəri Arzu Əliyeva, prodüseri Lui Vodevil, rejissoru Robert Maqnerotdur. Bakı Media Mərkəzi və fransız kino şirkəti “CC&C”nin birgə çəkdiyi bu film 10 dilə tərcümə olunub, dünyanın bir çox ölkələrində göstərilib.

Sonra filmin nümayişi olub.

Film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.