ELM VƏ TƏHSİL
“Hədəf” kurslarının şagirdləri üçün Azərbaycan Universitetinə infotur təşkil olunub
Bakı, 28 aprel, AZƏRTAC
“Hədəf” kurslarının şagirdləri üçün Azərbaycan Universitetinin ikinci tədris korpusuna infotur təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru Fərid Əhmədov abituriyentlərə rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, nəzərdə tutulan islahatlar və yeniliklər barədə məlumat verib.
Rektor qərb ölkələri ilə müqayisədə azərbaycanlı abituriyentlərin psixoloji gərginlik səviyyəsinin yüksək olduğunu, bu dövrdə stress, yorğunluq kimi problemlərin artdığını xatırladıb və onlara tövsiyələrini bildirib.
“Hədəf” kurslarının təsisçisi Şamil Sadiq gələcəkdə Azərbaycan Universiteti ilə əməkdaşlığı daha da inkişaf etdirmək arzusunda olduqlarını söyləyib, abituriyentləri onlar üçün yaradılan şəraitdən faydalanmağa çağırıb.
Riyaziyyat və informatika kafedrasının baş müəllimi Qabil Əliyev şagirdləri Azərbaycan Universitetində tədris olunan ixtisaslar, ingilisdilli proqramlar, tələbə klublarının fəaliyyəti, xaricdə təhsil üçün mübadilə proqramları, yerli və xarici tərəfdaşlar, tətbiq olunan təqaüd proqramı və təhsil haqqından güzəştlərlə tanış edib.
Universitetin müəllimi, psixoloq Könül Cəfərova imtahan stressinin nəzarət altına alına bilməsi üçün abituriyentlərə tövsiyələrini verib.
Sonra şagirdlər tədris korpusunda yaradılan şəraitlə tanış olublar.