İQTİSADİYYAT


Həftə sonunda bəzi küçə və prospektlərdə hərəkət qismən məhdudlaşdırılacaq

Bakı, 6 yanvar, AZƏRTAC 

Aparılan təmir işləri ilə əlaqədar yanvarın 6-dan etibarən şənbə və bazar günləri də daxil olmaqla paytaxtın prospekt və küçələrində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, hərəkətin məhdudlaşdırılması Neftçilər prospektinin Nobel prospekti ilə kəsişməsi, Cəfər Xəndan küçəsi - Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arası və Nəcəf Nərimanov küçəsində tətbiq olunacaq.

Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində yanvarın 6-sı günorta saatlarından etibarən dəmir yolu relslərinin sökülməsi işlərinə başlanılacaq. İşlərin yaxın 2 gün ərzində yekunlaşdırılması planlaşdırılır. Relslər hissə-hissə söküldüyündən avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Bu müddət ərzində prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək.

Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən hissəsində də hazırda təmir işləri aparılır. Həmin hissədə yeni su xətləri çəkilir və hazır hissələrin asfaltlanması işləri görülür. Təmir işləri növbəti iş həftəsinə qədər davam etdiriləcək. Bu müddət ərzində küçənin sözügedən hissəsində də hərəkət qismən məhdudlaşdırılacaq.

Eyni zamanda, Nərimanov rayonu ərazisindəki Nəcəf Nərimanov küçəsində asfalt-beton örtüyünün yenilənməsi işləri aparılır. Bu səbəbdən də hərəkətin qismən məhdudlaşdırılması tətbiq olunur.

Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələrdə aparılan təmir işləri nəzərə alınaraq, həmçinin avtonəqliyyat sıxlığının yaranmaması üçün imkan daxilində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

Qeyd olunub ki, hərəkətin qismən məhdudlaşdırılması zamanı yol tam bağlanmır. Təmir işləri hissə-hissə aparılır və buna müvafiq olaraq hərəkət zolaqlarından biri və ya bir neçəsi bağlı olur, hərəkət digər zolaqlar üzrə təmin olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.