CƏMİYYƏT
Həkim-pediatr Nigar Sədiyeva: Yanlış qidalanma uşaqlarda bir sıra xəstəliklər yaradır
Bakı, 20 iyul, AZƏRTAC
Uşaq sağlamlığı aktual problemlərdən biridir. Valideynin vaxtaşırı olaraq körpəni həkim müayinəsindən keçirməməsi, onun orqanizmində baş verən dəyişikliklərə biganə yanaşması və digər səbəblər inkişafdan qalma hallarına səbəb olur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-pediatrı, dosent Nigar Sədiyeva universitetin mətbuat xidmətinə verdiyi müsahibədə bu barədə danışıb: “Körpə dünyaya gələndən sonra vaxtaşırı olaraq həkim və pediatrlar tərəfindən müayinə edilib qiymətləndirilməli, onun inkişaf etməsi və sağlamlığının qorunması üçün zəruri müayinələr aparılmalıdır. Uşaq sağlamlığının izlənməsinin əsas məqsədi təkcə xəstəliklərin qarşısının alınması deyil, onların əqli, sosial və fiziki inkişafının ən yüksək səviyyəyə çatmasına yardım göstərməkdən ibarətdir. Müəyyən olunmuş aylarda və yaşlarda körpə pediatrların profilaktik baxışından keçməli, onun fiziki və sinir-psixi inkişafı, görmə, eşitmə və davranışı qiymətləndirilməlidir. Sinir-psixi inkişaf müayinəsinin aparılması ən vacib məsələdir. Hər körpə duyma, düşünmə, görmə, nitq, hərəkət kimi həyati beyin funksiyalarına cavabdeh təqribən yüz milyard sinir hüceyrəsi, yəni, neyronla doğulur. Neyronlar “sinaps” adı verilən kiçik boşluqlarla bir-birinə bağlanaraq beynin müxtəlif funksiyalarını yerinə yetirən bağlantılar əmələ gətirir. Həmin bağlantı yerləri beynin fəaliyyəti üçün vacib olan elektrik siqnallarının yayıldığı sahələrdir. Körpə həyatının ilk beş ilində milyardlarla neyron arasında trilyonlarla sinaptik əlaqə yaranır. Doğumdan sonrakı 8 ayda artıq min trilyon sinaps əmələ gəlir”.
Körpələrin müayinəsi barədə danışan pediatr deyib: “Körpələrin müayinə intervalı hər ölkədə müxtəlifdir. Amerikadakı Pediatriya Akademiyasının tövsiyəsinə görə, uşaq həkimi körpənin 2 yaşa qədər yenidoğulma dövründə, 2-4-cü həftələrdə, 2, 3, 4, 6, 9, 12, 15, 18-ci aylarda və 2 yaşında mütləq müayinə etməlidir. Həmin vaxtdan sonra müayinə intervalları uzanır. Uşaq həkimi körpə barədə anamnez toplayır, onu müayinə edir, görmə, eşitmə, inkişaf və davranışını dəyərləndirir, peyvəndlərinə dair məlumatlar verir və növbəti müayinənin vaxtını müəyyənləşdirir”.
Körpənin sağlam inkişafında qidalanmanın əhəmiyyətindən bəhs edən həkim bildirib: “Uşaq sağlamlığı genetik amillərlə yanaşı, düzgün qidalanma, təmiz ətraf mühit və sosial amillərlə bağlıdır. Fiziki və zəka inkişafının təmin edilməsi və infeksiyalara qarşı müqavimətin əmələ gəlməsində qidalanmanın mühüm əhəmiyyəti var. Yanlış qidalanma qan azlığı, raxit, qəbizlik, piylənmə və digər xəstəliklərə səbəb olur. Bunları nəzərə alaraq müayinə edilən körpələrin ailələrinə hər müayinədə yazılı şəkildə tibbi maarifləndirmə, qidalanma, inkişaf və təhlükəsizliklə əlaqədar məsləhətlər verilməlidir”.