İDMAN
Həkimlər Şumaxeri tədricən komadan çıxarmağa başlamışlar, qəzetlər bunu təsdiq edir VİDEO
Bakı, 29 yanvar (AZƏRTAC). Həkimlər “Formula-1” yarışlarının yeddiqat çempionu, bir aydır süni komada olan Mixail Şumaxeri tədrici oyanma mərhələsinə gətirmişlər.
Bu barədə Fransanın “L’Equipe” nəşri xüsusi mənbəyə istinadla məlumat vermişdir.
Bildirilmişdir ki, M.Şumaxer bu həftə başlamış komadan çıxma prosesinə yaxşı reaksiya verir.
AZƏRTAC xəbər verir ki, M.Şumaxer ötən il dekabrın 29-da ağır kəllə-beyin travması ilə gətirildiyi Fransanın Qrenobl şəhər xəstəxanasında müalicə olunur. O, Fransanın Meribel kurortunda xizəklə sürüşərkən yıxılmış və başı zərblə daşa dəymişdir. Beynin gələcəkdə zədələnməsi təhlükəsini azaltmaq üçün avtoyürüşçünün bədəninin temperaturu 35 dərəcəyə endirilmişdir.
Həkimlər proqnoz verməkdən dəfələrlə imtina etmiş, avtoyürüşçünün vəziyyətinin sabit, lakin ağır olduğunu bildirmişdilər. Almaniyalının sağlamlığı ilə bağlı sonuncu rəsmi bəyanat yanvarın ortalarında verilmişdir.