CƏMİYYƏT
Həkimlərimiz qeyri-infeksion xəstəliklərin profilaktikasına dair seminardan qayıdıblar
Bakı, 27 mart, AZƏRTAC
Helsinkidə Dünya Səhiyyə Təşkilatının dəstəyi və Finlandiyanın Milli Sağlamlıq və Rifah İnstitutunun təşkilatçılığı ilə "Qeyri-infeksion xəstəliklərin profilaktikası" mövzusunda beş gün davam edən nəzəri və təcrübi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, MDB, Mərkəzi Asiya ölkələri və Türkiyə Respublikasının ictimai səhiyyə mütəxəssisləri, səhiyyə nazirliklərinin müvafiq mütəxəssisləri üçün nəzərdə tutulan seminarda ölkəmizi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdirləri Lütfi Qafarov və Nabil Seyidov təmsil ediblər.
Seminarda iştirakçılara qeyri-infeksion xəstəliklərin profilaktikası sahəsində qlobal səviyyədə görülən işlər barədə məlumatlar verilib, Finlandiya və digər ölkələrdən olan mütəxəssislər ürək-damar, xərçəng, diabet və tənəffüs yolları xəstəliklərinin profilaktikası sahəsində qabaqcıl təcrübələrini bölüşüblər. Ölkəmizdən olan mütəxəssislər Azərbaycanda 2015-ci ildən başlayaraq "Qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair Strategiya"nın qəbul edilməsindən sonra görülən işlər barədə təqdimat ediblər. Bununla yanaşı seminar zamanı təşkil olunan poster-sessiyada 2015 və 2016-cı illərdə İlkin Səhiyyə səviyyəsində çalışan tibb işçilərinin qeyri-infeksion xəstəliklərin risk faktorlarının aşkarlanması və aradan qaldırılmasına yönəldilmiş təlim-tədris proqramına dair təqdimat edilib.
Seminarın üçüncü və dördüncü günləri Finlandiyanın Şimali Kareliya regionunda ötən əsrin 70-ci illərində başlanılmış qeyri-infeksion xəstəliklərin profilaktikası layihəsinin geniş təqdimatı və uğurlu nəticələrinin müzakirəsinə həsr olunub. Uşaqlar, böyüklər, qadınlar və gənclər arasında xəstəliklə mübarizə yolları barədə iştirakçılara təcrübi və nəzəri biliklər verilib və onlar Skandinaviya ölkəsinin müxtəlif yerlərində həyata keçirilən tədbirlər haqqında məlumat alıblar.
Seminarın sonrakı günündə iştirakçılar tam orta məktəblərdə xəstəliklərin profilaktikasına yönəlmiş tədbirlərlə tanış olub və məktəb kurikulumunda sağlamlığa dair icbari dərslərdə iştirak edərək məktəblərdə tətbiq olunan "Sağlam məktəb naharı proqramı"na dair ətraflı məlumatlar toplayıblar.