MƏDƏNİYYƏT
“Həkimlərin söz dünyası” kitabı çap olunub
Bakı, 22 iyul, Zərəngiz Mansurova, AZƏRTAC
“Həkimlərin söz dünyası” (Həkim yazarların ilk poetik toplusu) adlı kitab çap olunub.
AZƏRTAC xəbər verir ki, 252 səhifədən ibarət kitabda 34 həkimin şeirləri yer alıb. Həkimliyi özünə peşə seçən, incə ruhlu bu qələm sahibləri arasında xalqa tanış olan dövlət və siyasət xadimləri, hərbçi və məşhur həkim kimi ad çıxaran insanlar da var. Belə ki, kitabda Nəriman Nərimanovun, Əli bəy Hüseynzadənin, Abbas Səhhətin, Tağı Şahbazinin (Simurq), müasir Şərq dünyasının böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın şeirləri ilə yanaşı, Həkim Qəni, Xanımana Əlibəyli, Musa Urud, Ramiz Duyğun, Paşa Qəlbinur, Şahin Musaoğlu, Azadə Taleh, Nazilə Gültac, Afaq Şıxlı və başqalarının da şeirləri yer alıb.
Kitabda peşəsi həkim olan istedadlı qələm sahiblərinin Vətən, ana, torpaq, Qarabağ hadisələri, Xocalı soyqırımı və digər ağrılı mövzularda yazdıqları şeirlərini həyəcansız oxumaq mümkünsüzdür.
Çoxdan Azərbaycan oxucusuna tanış olan “Vətənim”, “Heydərbabaya salam”, “İgid əsgər”, “Cənab leytenant” əsərləri ilə yanaşı, yeni yazılmış şeirlər də maraq doğurur.
Kitabın redaktoru həkim-şair Əfrahim Hüseynli, “Ön söz” müəllifi, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı, naşiri Müşfiq Xandır.