SİYASƏT
Helmut Şmit adına Beynəlxalq Siyasət İnstitutunun nümayəndələri Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar
BAMF-dan AZƏRTAC-a bildiriblər ki, fondun sədri Umud Rəhimoğlu qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, vətəndaş cəmiyyəti sektorunun formalaşmasındakı rolu haqqında məlumat verib. Sonra təşkilatın 20 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
U.Rəhimoğlu BAMF-a BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsinin xüsusi əhəmiyyət daşıdığını, bu məsələnin fondun beynəlxalq miqyasda geniş fəaliyyət göstərməsinə imkanlar açdığını deyib.
Helmut Şmit adına Beynəlxalq Siyasət institutunun rektoru August Pradetto bildirib ki, Azərbaycana səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi və bu problemin tənzimlənməsində vətəndaş cəmiyyəti təmsilçilərinin oynadığı rol barədə məlumat toplamaqdır.
Nümayəndə heyətinin üzvlərinin Dağlıq Qarabağ münaqişəsi, BAMF-ın fəaliyyəti barədə suallarına cavab verən U.Rəhimoğlu Azərbaycanın münaqişənin həllində həmişə sülhə üstünlük verdiyini qeyd edib. O, Ermənistan silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilən cinayətlər, həm Ermənistandan qaçqın düşən, həm də işğal olunmuş torpaqlarımızdan zorla çıxarılan azərbaycanlıların üzləşdikləri problemlər haqda qonaqlara məlumat verib.