DÜNYA
Helsinkidə nəhəng məscidin tikintisi müzakirə edilir
Helsinki, 27 mart, AZƏRTAC
Helsinkidə məscid tikintisi Finlandiya paytaxtının meri vəzifəsinə namizədlərin seçkiqabağı mövzularından biri olub. Layihəyə görə, məscidin sahəsi 18 min kvadratmetr təşkil edəcək.
Helsinkidə böyük məscid layihəsinin rəhbəri Piya Cardi öz bloqunda yazıb ki, bütün zəruri sənədlər, o cümlədən maliyyələşdirmə mənbələri haqqında sənədlər layihənin müzakirəsindən əvvəl Helsinki şəhərinə təqdim ediləcək. Şəhərin hakimiyyət orqanları tikinti barədə son qərarı bu ilin baharında qəbul etməlidirlər.
Artıq finlərin nəhəng məscid adlandırdığı məscidin tikintisi layihəsi hələ 2015-ci ildə hazırlanıb. Bəhreynin kral ailəsi ilkin maliyyə vəsaiti ayıracağını vəd edib. Məscidin ümumi dəyəri on və hətta yüz milyonlarla avroya çata bilər. Artıq paytaxtın daşınmaz əmlak departamenti binanın yeri üçün bir neçə variantı nəzərdən keçirib. Əsas variantlardan biri kimi Hanasaari rayonunun adı çəkilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki