İDMAN
Hemofiliya pasiyentləri Respublika Velotrekində qonaq olublar
Bakı, 1dekabr, AZƏRTAC
Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasiyentlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekində tanışlıq mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, qonaqlara Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadion, fitnes klubu, dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında ətraflı məlumat verilib.
Komplekslə tanışlıqdan sonra tədbir dəyirmi masa ətrafında davam edib. "Ladies on Bikes" həvəskarlar klubunun rəhbəri Nur Axundlu velosiped sürməyin insan orqanizminə faydaları və velosipeddən düzgün istifadə qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib, peşəkar idmançılar tərəfindən əyani vəsaitlər vasitəsilə velosiped idmanının incəlikləri izah edilib. Görüş zamanı 2017-ci ildə hemofiliyalı pasiyentlər arasında ilk ümumrespublika yarışının keçirilməsi də müzakirə olunub. Həmçinin velosiped idmanına marağın artırılması məqsədilə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Tədbirin sonunda hemofiliyalı pasiyentlərin ailə üzvləri yaradılan şəraitə görə Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.