REGİONLAR
Həmrəylik Günü və Yeni il münasibətilə füzulili məcburi köçkünlərlə görüşlər keçirilib
Füzuli, 30 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı, Sumqayıt və Horadiz şəhərlərində Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Qarabağ müharibəsi əlilləri, şəhid və imkansız məcburi köçkün ailələrin iştirak etdiyi tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev füzulililəri qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb. Dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşməsi istiqamətində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışan A.Alıyev Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyaları olduğunu bildirib.
Bayram tədbirlərində çıxış edənlər ölkəmizdə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Horadiz şəhərində bayram süfrəsi açılıb. Rayonun mədəniyyət və incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı, Şaxta baba və Qar qızın çıxışları, Füzuli Dövlət Dram Teatrının hazırladığı səhnəciklər iştirakçılarda xoş ovqat yaradıb.