CƏMİYYƏT
Həmvətənimiz AYİB-in Tacikistan üzrə yeni nümayəndəsi təyin olunub
Düşənbə, 29 mart, АZƏRTAC
Həmvətənimiz Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Tacikistan üzrə yeni nümayəndəsi təyin olunub.
Təyinat bankın vitse-prezidenti Filip Bennotun rəhbərliyi ilə nümayəndə heyətinin Tacikistana səfəri çərçivəsində baş tutub.
Martın 28-də Düşənbədə bankın rəhbərliyinin keçirdiyi tədbirdə Aytən Rüstəmova Tacikistanın hökumət strukturlarına, tərəfdaşlarına və müştərilərə təqdim edilib.
Bildirilib ki, Aytən Rüstəmova AYİB-də 2001-ci ildən işləyir. Bundan əvvəl Aytən Rüstəmova bankın Bakıdakı nümayəndəliyində çalışıb. O, Azərbaycandakı fəaliyyətində infrastrukturlar sahəsində iri layihələrin həyata keçirilməsinə nəzarət edib. A.Rüstəmova, həmçinin maliyyə institutları, milli valyutada kreditləşmə, enerjinin səmərəliliyinin artırılması ilə bağlı layihələrin, həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi sahələrində böyük təcrübəyə malikdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə