ELM VƏ TƏHSİL
Həmvətənimiz Rusiyanın ali akademik ordenlərindən biri ilə təltif edilib
Moskva, 1 dekabr, AZƏRTAC
RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, qloballaşma və davamlı inkişaf institutunun direktoru, Rusiya Təbiət Elmləri Akademiyasının və Rusiya Ekologiya Akademiyasının akademiki, UNESCO-nun eksperti Nizami Məmmədov ekologiyanın fəlsəfi problemlərinin araşdırılmasına və ekoloji təhsilin inkişafına verdiyi töhfələrə görə Rusiya Ekologiya Akademiyasının rəyasət heyətinin və V.İ.Vernadski adına Fondun qərarına əsasən V.İ.Vernadski ordeni ilə təltif edilib.
V.İ.Vernadski ordeni təbiət elmləri və davamlı inkişaf nəzəriyyəsi sahəsində xüsusi xidmətləri olmuş Rusiya və xarici ölkə alimlərinə təqdim edilir.
Nizami Məmmədov ekologiyanın fəlsəfi və metodoloji məsələlərinə, müasir cəmiyyətin davamlı inkişaf yoluna keçməsinin mədəni əsaslarına həsr edilmiş əsərləri ilə elmi ictimaiyyətə yaxşı tanışdır. O, ekologiyaya aid Rusiya Federal məktəb dərsliyinin, ali məktəblər üçün davamlı inkişaf nəzəriyyəsinə aid tədris vəsaitlərinin, ayrı-ayrı fənlərin ekolojiləşdirilməsi üzrə müəllimlər üçün silsilə elmi-metodik işlərin müəllifidir. O, davamlı inkişaf mədəniyyətinin dərk edilməsinə sanballı töhfə verib. Davamlı inkişaf mədəniyyətinin statusu və onun formalaşması yolları barədə Nizami Məmmədovun ideya və təklifləri UNESCO-nun rəsmi sənədlərində əksini tapıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva